Azərbaycanda fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 25% artıb
ƏDV ödəyicilərinin sayı isə 20,2% artıb
Bu ilin I rübündə Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,3%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,2% artıb.
Qazet.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Aprelin 1-nə dövlət qeydiyyatında olan 148 788 kommersiya qurumundan 89 860-nın vəziyyəti aktiv olub. Son 1 ildə aktiv kommersiya qurumlarının sayı 12,1% artıb, onların xüsusi çəkisi isə 60,4%-ə çatıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15% artaraq 27 570 olub.
Martın sonuna 322 publik hüquqi şəxs, 17 266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı illik müqayisədə 9,1% artıb.