Azərbaycanda havanı çirkləndirən zavod rəhbərliyi cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki zavod sahibkarı cərimələnib
Havanı çirkləndirən zavodun rəhbərliyi cəzalandırılıb.
Qazet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.
Faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3 500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib.