Azərbaycanda neçə xarici vətəndaş ali təhsil alır?
Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 5765 vətəndaşı təhsil alır.
Qazet.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı məcmuəsində öz əksini tapıb.
Qeyd olunur ki, onların 705-i MDB ölkələrinin, 5060-ı isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Ukrayna, Türkiyə, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.
Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilində 5256, 2010/2011-ci tədris ilində 4723 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.