Azərbaycanda qısamüddətli mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb

"Bu ilin on ayı ərzində yerli icra hakimiyyəti orqanları tərəfindən 33 qısamüddətli mühafizə orderi verilib".
Qazet.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə "Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi" mövzusunda keçirilən regional konfransda bildirib.
Onun sözlərinə görə, mühafizə orderinin vaxtında verilməməsi bəzən acı nəticələrə gətirib çıxarır.
B.Muradova bildirib ki, Dövlət Komitəsi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı bu ilin 10 ayında 410 müraciətə baxılıb. Qeyd edib ki, onlardan 50-si uşaqlara qarşı məişət zorakılığı ilə bağlı olub.
Xatırladaq ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır.
Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərərçəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərərçəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.