Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb
Nazirlər Kabineti 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Qazet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətinin “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları, eləcə də yeni “Kosmetologiya” ixtisas qrupu əlavə edilib.
Bundan başqa, “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqamətiin “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel ustası” ixtisası, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqamətinin “Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası, “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətinin “Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Üzümçülük və şərab ustası” ixtisası, “İnşaat və arxitektura” peşə istiqamətinin “İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilib.