Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: "Ermənistan sülh prosesini pozmağa çalışır"
Ermənistan sərhəddə təxribatlar törətməklə sülh prosesini pozmağa çalışır.
Qazet.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Daimi nümayəndə Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlar barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat qrupları qaranlıq vaxtda dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təchizat yollarının minalanmasını həyata keçirib.
Y.Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın təxribatlarına cavab olaraq “adekvat və proporsional tədbirlər” görüb.
Daimi nümayəndə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayıb.
"Amma təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin bəyanatları həm onların münasibətlər qurmaq istəmədiyini göstərir, həm də Ermənistanın öhdəliklərini yerinə yetirməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz edən və bu ölkənin ərazisini 30 ildir işğal edən Ermənistan indi uzun illərdir ki, özünün pozduğu norma və prinsiplərdən danışır”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.