Bakı 5˚C Showers

"Ordumuzun yaradılmasında Nuru Paşanın rolu əvəzsizdir" -  Nəsiman Yaqublu

Tarix 11:20 26 iyn, 2022

Azərbaycanın Silahlı Qüvvələrinin yaranma tarixi

"Ordumuzun yaradılmasında Nuru Paşanın rolu əvəzsizdir" -  Nəsiman Yaqublu

26 iyun Azərbaycanın Silahlı Qüvvələrinin yaranma günüdür. Biz bu günü şərəf və ləyaqətlə qeyd edirik. 

Vətənimizin bötövlüyü uğrunda canlarından, qanlarından keçən igidlərimizin xatirəsi böyük ehtiramla yad olunur.

Azərbaycan xalqı öz müstəqilliyini ordumuzun sayəsində qazanıb, dirçəlib, bütöv bir dövlət olub.

Silahlı Qüvvələrimizin yaranmasında dahi sərkərdələrimizin rolu böyük olub. Onlar xalqımızı mənfur düşmənlərdən qorumaq üçün böyük səy göstərib. Torpaqlarımızı düşməndən müdafiə etmək üçün qüdrətli ordu yaradıblar.

Araşdırmacı, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublu qazet.az-a Silahlı Qüvvələr Gününün yaranma tarixindən danışıb.

Onun fikrincə Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən ən mühüm işlərdən biri də məhz  Azərbaycanın Milli Ordusunun yaradılması olub.

"Çar Rusiyası dövründə azərbaycanlıları orduya götürmürdülər. Ona görə də azərbaycanlıların hərbi təcrübələri, hərbi təlim keçmələri çox pis vəziyyətdə idi. Bu səbəbdən 1918-ci il, iyunun 26-da Azərbaycanın Milli Ordusunun yaranması ilə bağlı qərar qəbul edildi və bu qərardan sonra Azərbaycanda Milli Ordunun yaradılmasına başlanıldı. 

Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov olub. Ancaq o, peşə baxımından həkim olub. Sadəcə olaraq hərb sahəsinə yaxşı bələd idi, həm də intizamlı bir adam idi. Ona görə də onu hərbi nazir təyin ediblər. 

Ondan sonra  Səməd bəy Mehmandarovun nazir olduğu dövrdə Azərbaycanda ordu quruculuğu işi daha da geniş vüsət alıb. O, ordunun gücləndirilməsi istiqamətində böyük addımlar atdı. 

Lakin, məmin fikrimcə, ordumuzun yaradılmasında ən böyük xidməti olan  Qafqaz İslam Ordusunun komandanı Nur Paşa olub. 

Çünki 1918-ci il iyun ayının 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı Türkiyəsi arasında imzalanan müqaviləyə və həmin müqavilənin 4-cü bəndinə əsasən Azərbaycan Cümhuriyyətinin Türkiyədən hərbi yardım istəmək hüququ vardı. Bu sənədə əsasən də hələ may ayının 25-i Gəncədə olan Nuru Paşa tam səlahiyyətlə Azərbaycan ordu hissələrini yaratmağa başladı və Gəncədə hərbi məktəb yaratdı. Həmin hərbi məktəbdə azərbaycanlılar təlim keçməyə başladı. Hərbi mütəxəsislər yetişdirildi. 1918-ci ilin oktyabr ayının 27-də həmin hərbi məktəbin ilk buraxılışı oldu. İlk Azərbaycan zabitlərinin orduda fəaliyyəti başladı. Sonradan isə həmin məktəb Bakıda yaradıldı. Hərbi təhsil, hərbi məktəb yaradılması istiqamətində Nuru Paşanın xidmətləri əvəzsizdir. Ona görə də mən eşidəndə ki, Qafqaz İslam Ordusuna bu yaxınlarda Gəncədə böyük bir abidə qoyulacaq, çox sevindim. Çünki onların buna mənəvi haqqı var. 

Çar ordusunun tərkibində vuruşan əsgərlərimizə o dövrdə “Vəhşi  divizya” deyirdilər. Bu hissədən olan azərbaycanlıları da orduya qatdılar. Və 1896, 1897-ci təvəllüdlü azərbaycanlıları Nuru Paşa ilk dəfə olaraq orduya topladı. Artıq ordu istiqamətində böyük işlər görüldü. Ən böyük işlərdən biri 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və onun tərkibindəki  Azərbaycan əsgərlərinin Bakını azad etməsi oldu. Bakıya qədər isə Kürdəmir, Göyçay, Ağdaş bölgələrində hərbi əməliyyatlar aparıldı, ermənilərə qarşı böyük savaş başladı və bu torpaqlar da düşməndən azad edildi. Bakı şəhəri 1918-ci ilin sentyabrın 15-də tamamilə azad edildi. Sonradan isə Lənkaranda və digər bölgələrdə ordumuzun güclü əməliyyatları oldu, torpaqlarımızı azad etdilər və 1919-cu ilin aprel ayının 5-də ilk dəfə olaraq Azərbaycan Ordusu rəsmi şəkildə Bakıya daxil oldu və burada hərbi parad keçirdi. Ordumuzun ilk hərbi paradı keçirilib 1919-cu ilin aprel ayının 5-də. Və həmin hərbi parad 1919-cu ilin iyun ayında Xankəndində, sonra da Şuşada keçirildi. Həmin hərbi paradda Baş nazir Nəsib bəy Yusufbəyli və Müdafiə naziri Səməd bəy Mehmandarov da yaxından iştirak etdilər. Beləcə bizim ordumuz formalaşdı, qısa müddət ərzində 25 minə qədər şəxsi heyəti olan  Azərbaycan ordusu yaradıldı və bu ordu artıq Azərbaycan torpaqlarını qorumaqla məşğul oldu."

Nəsiman Yaqublu
Araşdırmaçı, tarix elmləri üzrə fəlsəfə doktoru, professor