Bakı 0˚C Mostly cloudy

Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulması münasibətilə tədbir keçirilib

Gündəm 20:27 10 dek, 2022
Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulması münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Londonun məşhur incəsənət mərkəzlərindən biri olan BAFTA-da (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) tədbir keçirilib.

Azəbaycanın Böyük Britaniyadakı səfirliyindən Qazet.az-a verilən məlumata görə, tədbiri Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi təşkil edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondu, BP şirkəti və Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, eləcə də Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, bir çox ölkələrin Londondakı səfir və diplomatları, Britaniyadakı Azərbaycan icmasının üzvləri və ictimai xadimlər iştirak ediblər.

Səfir Elin Süleymanov tədbirin təşkilatçılığı üçün Heydər Əliyev Fondunun rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.

Azərbaycanla BP şirkəti arasında məhsuldar əməkdaşlığı vurğulayan səfir "yaşıl enerji"yə keçid istiqamətində atılan addımlardan bəhs edib.

E.Süleymanov qeyd edib ki, bugünkü Azərbaycan vəfatından 19 il keçən Ulu öndər Heydər Əliyevin arzuladığı qədər güclüdür və günü-gündən daha da dinamik inkişaf edir: "H.Əliyev fəxr edərdi ki, Azərbaycan regionda nümunəvi dövlətə çevrilib və dünya azərbaycanlılarının dayağıdır".