Azərbaycanla Ermənistan müharibədən yorulub, bəs sülh mümkündürmü? - TƏHLİL
Konfliktoloq Əvəz Həsənov düşünür ki, dövlətlərarası sülh elan edilərsə, xalqlar da sülh içində yaşayacaq
Azərbaycan və Ermənistan arasında münaqişələrlə zəngin tarix hələ 1918-ci il müstəqillik illərindən də əvvəllərə təsadüf edir. Bu iki xalq arasında olan mübarizələr Sovet İttifaqı dövrünün ilk və orta illərində səngimişdi. Hamıya məlumdur ki, Bakıda ermənilər, İrəvanda da azərbaycanlılar normal həyatlarını yaşayırdı. Ancaq iki xalq arasında torpaq münaqişəsi sırf SSRİ daxilində olduqları üçün çox da məna kəsb etmirdi. Aydındır ki, SSRİ dağılandan dərhal sonra hər iki ölkə öz sərhədlərini müəyyən etməli və normal ölkə strukturu qurmalı idi. Digər ölkələrdə bu rahatlıqla alınsa da, 80-ci illərin sonunda münaqişəli torpaqların və etnik qarışıqlığın yaratdığı problemlər Azərbaycan və Ermənistan arasında müharibənin çıxmasına səbəb oldu.
Hadisələr azərbaycanlıların Ermənistandan qovulması və təxribat xarakterli Sumqayıt hadisələri ilə davam etdi. Azğınlaşmış terrorçu erməni dəstələrinin Qarabağda törətdiyi vəhşi cinayətlərin xəbəri Bakıdakı əhaliyə çatdıqda isə nifrət toxumu artıq əkilmiş oldu. Azərbaycanın siyasi elitasının da Qarakənd faciəsi adlı qəzada cinayətə qurban getməsi müharibəni qaçılmaz etdi. Təbii ki, bu ilk münaqişə deyildi. Tarixən erməni silahlı quldur dəstələrinin mütəmadi hücumları ilə onsuz da iki xalq arasında güvən və inam problemləri yaranmışdı. Sual olunur ki, əgər hücumlar ermənilər tərəfindəndirsə, bəs onlar niyə azərbaycanlılara qarşı inam və güvən itkisi yaşamalı idi ki? Axı bu haqq məhz azərbaycanlılara məxsusdur, onlar hücumlara, torpaq itkisinə, poqromlara məruz qalıb. Axı tarixdə heç bir toplu və nizamlanmış azərbaycanlı aqressiyası faktı yoxdur? Bəzi ekspertlər ermənilərin bu kimi aqressiyasını onların aşağılıq kompleksi ilə əlaqələndirir. Yəni, tarixən Osmanlıdan gördükləri əziyyəti özlərindən şərqdə yerləşən türklərdən çıxmaq ehtiyacı. Burada həm Çar hakimiyyəti, həm də SSRİ hakimiyyəti dövründə ermənilərə yaradılan münbit şərait də rol oynayır.
Hadisələr öz axarı ilə davam etmiş nəticədə ağır siyasi böhranlar yaşayan Azərbaycan 90-cı illərin əvvəlində məğlub olmuş oldu. Ancaq Azərbaycan 2000-ci ilin əvvəllərindən sürətlə inkişaf etdiyi halda Ermənistan sürətlə geriləməkdə idi. Ermənistan heç Laçın koridorunun ətrafına döşənən minaları təmizləməyi belə bacarmamışdı. Bu səbəbdən onlarla yaşlı,gənc,uşaq və qadın meşələrdə, kəndlərində minalara düşürdü. Onlar bu minalardan çəkinərək heç düzgün həyət-baca və şərait də qura bilmədi.
“Youtube”-da müharibədən əvvəl xeyli diqqət çəkmiş bir neçə Ermənistan QHT-sinə məxsus roliklər var idi. O roliklərdə erməni gənclər xarici şirkətlərdən və dövlətlərdən həmin minaları təmizləməyə kömək etməyi tələb edir, buna “dağlıq qarabağ respublikasının" gücünün çatmadığını deyirdi. Lakin aydın məsələdir ki, heç bir xarici təşkilat gəlib, belə konflikt zonasına, taleyi naməlum ərazilərə investisiya ayıra bilməzdi. Ən əsası hüquqi müstəvidə onların buna haqqı da çatmırdı. Beləcə ermənilər qan tökərək aldıqları, oğurladıqları bu torpaqlarda sırf bir inad uğruna 30 il minaların cəngində, soyuqda, bəzi yerlərdə işıqsız, qazsız yaşamalı oldu.
Ermənistan hökuməti də Cəbrayılda, Füzulidə olan-qalan evlərin betonunu, daşını və mebelini ucuz qiymətə söküb satmaqla məşğul idi. Onlar axı infrastrukturu itib tökülən Yerevana düzgün investisiya qura bilmirdi, bu halda necə Qarabağa investisiya ayırsın? Deməli, hadisələrin gərginləşdiyi ən xırda anda belə Los Anceles küçələrini öz portağal rəngli bayraqları ilə bəzəyən amerikan erməniləri də lazımi köməyi göstərə bilmirdi.
Nəticədə əlində olan qalan pulu da hərbi texnikalarla, bahalı tanklara, kalaşnikov avtomatlara verən Ermənistan hökuməti sonda dronlarla və ən müasir döyüş texnikası ilə silahlanan Azərbaycana qarşı çıxa biləcək hər hansı müharibəyə ölü yatırım etməklə məşğul oldu. 2020-ci il gəldi və tarixi ədalət öz yerini tapdı. Azərbaycan müharibədən qalib ayrıldı.
Bizim isə cavab tapmaq istədiyimiz sual başqadır. Bu iki xalq arasında sülh mümkündürmü? Qazet.az-ın suallarına cavabı konfliktoloq Əvəz Həsənov cavab verib. Onun fikrincə, dövlətlərarası sülh elan edilərsə, xalqlar da sülh içində yaşayacaq.
“Əgər rəsmi səviyyədə sülhlə bağlı razılığa gəlinəcəksə, bu zaman düşünmürəm ki, xalqlar artıq bir-birinə düşmən gözüylə baxsın. Elə hazırki dövrümüzdə də hiss olunur ki, iki xalq da ümumilikdə baş vermiş 2 müharibədən cana gəlib. Azərbaycanlılar da, ermənilər də bir-birinə düşmən gözü ilə baxmaqdan yorulmaq həddinə gəlib çatıb. Biz buna artıq Ermənistan cəmiyyətinin timsalında şahid ola bilərik. 30 il aparılan düşmənçi siyasət və sonda hadisələr Azərbaycanın xeyrinə nəticələndi. Təbii ki, bu müddət ərzində Azərbaycan 30 il itirdi. Bütün bunlar insanların şüur və psixologiyasina pis təsir edib. Mənə elə gəlir ki, artıq düşmənçilik hissini bəsləyib daha da böyütmək heç bir tərəfin ağlından keçmir. Azərbaycanlılar artıq düşünəcək ki, mən ermənilərlə niyə düşmənçilik etməliyəm? Buna bir səbəb qalıbmı? Torpaqlarımı da azad etmişəm. Ermənilər də həmçinin düşünəcək ki, biz azərbaycanlılarla düşmənçilik etdik sonda isə onlar əlimizdə olan hər şeyi aldılar. İndi düşmənçilik edib nə qazanacam?”
Son günlərdə isə yenidən Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər yaşanmağa davam edir. Erməni terrorçu tərəfindən atılan qumbara və ən son artilleriya zərbələri onu sübut edir ki, bu tip hadisələr hələ bir müddət davam edəcək. Xatırladaq ki, son hadisələrdə Azərbaycan 7 Şəhid verib. Əvəz Həsənovun fikrincə bütün bunlar sərhədlərin demorkasiyasında yaranan sualların nəticəsidir.
“Bütün bunlar ona görə baş verir ki, Azərbaycan müharibədən sonra öz sərhədlərini müəyyən etməyə çalışır. Ermənistan isə buna etiraz edir. Azərbaycan başa düşür ki, Ermənistanın etirazına baxmayaraq öz hərbi potensialından istifadə edərək sərhədləri özü müəyyən edə bilər. Eyni zamanda burada Rusiyanın da köməyindən istifadə olunub. Çünki Rusiya o xəritələri Azərbaycan tərəfinə təqdim etməkdən boyun qaçırmır. Azərbaycan hökuməti bilir ki, sərhədləri müəyyən etmək üçün artıq əlində şans var. Ermənilər də buna etiraz etdiyinə görə, onlar mübarizə aparacaqlar və çalışacaqlar ki bu prosedur bir az da uzansın. Proses uzandıqca Azərbaycanın da bu ərazilərə nəzarət etməyi gücləndirməsi sərhəddə bu tip atışmalar davam etməsinə münbit şərait yaradır” deyə konfliktoloq bildirib.
Xatırladaq ki, son xəbərlərə əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 15 dekabrda ikili görüşün keçirilməsi planlaşdırılır.
Paşa Bayramov