Bakı 23˚C Windy

Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb

Biznes 18:48 25 fev, 2022

Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur

Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasında iki ölkə arasında 4 sənəd imzalanıb.

Qazet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir tərəfdən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Nazir Misir nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, müharibədən sonra kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını daha da gücləndirəcək.

Sonra R.Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə çatdırıb.

İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclasın sonunda iclasın protokolu və aşağıdakı sənədlər imzalanıb:

1) Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu;

2) Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu;

3) AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu;

4) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misirin İsgəndəriyyə limanı arasında Anlaşma Memorandumu.

Müştərək Komissiya 7 aprel 1994-cü ildə Qahirə şəhərində imzalanmış “Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

R.Nəbiyevin R.Al-Maşatla ayrıca görüşü də keçirilib. Görüşdə Müştərək Komissiyanın beşinci iclasının Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyi vurğulanıb. İki ölkə arasında iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.

Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcminin 2021-ci ildə 5 dəfədən çox artmasından məmnunluq ifadə olunub. Əlavə edilib ki, ticarət həcminin daha da artırılması üçün real potensial mövcuddur.

Görüş zamanı ticarət həcminin və qarşılıqlı investisiyaların artmasında iş adamlarının xüsusi rol oynadığı bildirilib və bu baxımdan Komissiyanın iclası çərçivəsində Azərbaycan – Misir Biznes Forumunun təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin ticarət, sənaye və qarşılıqlı investisiyaların təşviqi məsələləri ilə yanaşı, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.