Azərbaycanlı mütəxəssislər ilk dəfə yeni nəsil metro qatarlarını təmir edəcək
Onun sözlərinə görə, təmir işləri əsasən 2015-ci ildə Azərbaycana gətirilmiş vaqonları əhatə edəcək
Bu ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin balansında olan yeni nəsil qatarların (vaqonların) ilk dəfə ölkədə təmiri həyata keçiriləcək.
Qazet.az xəbər verir ki, bunu Report-a açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov bildirib.
Onun sözlərinə görə, təmir işləri əsasən 2015-ci ildə Azərbaycana gətirilmiş vaqonları əhatə edəcək.
“Bu təmir digərlərindən fərqi olaraq "qaldırma təmiri" adlanır və qatarın gediş məsafəsinə uyğun həyata keçirilir. Bundan öncə də "Transmaşholdinq" SC-yə məxsus “Metrovaqonmaş” müəssisəsinin mütəxəssislərinin iştirakı ilə yeni nəsil qatarlar təmir edilib. Amma bu dəfə bu işi öz mütəxəssislərimiz gərəcək", - deyə metro rəsmisi bildirib.
Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral aylarında aparılmış ilk təmiri "Metrovaqonmaş"ın nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi yerinə yetirib. 2019-cu ildə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, "Metrovaqonmaş-Servis" vaqonların təmiri ilə yanaşı, bu prosesi gələcəkdə yerinə yetirəcək kadrları hazırlamalı idi. Vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi tədris prosesinə daxil edilib.