"Azərenerji" gücləndirilmiş iş rejiminə keçir
“Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək.
Qazet.az quruma istinadən xəbər verir ki, bununla bağlı qabaqlayıcı tədbirlər görülüb.
Belə ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, enerjinin ixracını stabil həyata keçirmək məqsədi ilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.
Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib. Stansiya və yarımstansiya, o cümlədən ötürmə xətlərində gecə baxışları keçirilib. İdarəetmə sistemi və qurğuların, həmçinin əks-qəza avtomatikasının təlimata və rejimə uyğun normal fəaliyyəti yoxlanılıb.