"Azəriqaz" Qarabağın qazlaşdırılmasına dair planlarını açıqlayıb
Bu proqram 4 mərhələdə həyata keçiriləcək
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır".
Qazet.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.
"Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək", - deyə o, qeyd edib.
Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.