Bakı 23˚C Windy

“Azərsığorta” səlahiyyətlərinin azaldılmasının təsirini hiss etməyə başlayıb

Biznes 16:06 22 fev, 2022

Prezident İlham Əliyevin ötən il mayın 18-də imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanın təsirini hiss etməyə başlayıb

“Azərsığorta” səlahiyyətlərinin azaldılmasının təsirini hiss etməyə başlayıb

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) Prezident İlham Əliyevin ötən il mayın 18-də imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanın təsirini hiss etməyə başlayıb.

Xatırladaq ki, həmin fərmana görə, Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri bu il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib.

Dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalının sığorta haqlarını sığortaçıya ödəməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirir.

Son nəticədə bu ilin yanvar ayında “Azərsığorta”nın yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 68% az – 827 min manat, ödənişləri isə 87,1% az – 1,996 milyon manat təşkil edib.

Bununla belə, son 1 ildə dövlət şirkəti zərərliliyini azaltmağı bacarıb. Əgər 2021-ci ilin yanvar ayında sığortaçının ödənişləri yığımlarından 6 dəfə çox olmuşdusa, 2022-ci ilin yanvar ayında 2,4 dəfə çox olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır. 

mənbə