"Azərsu" ADA Universiteti ilə əməkdaşlığa başlayır
“Azərsu” ASC ilə ADA Universiteti rasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Qazet.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, sənədi qurumun sədr müavini Köçərli Həsənov və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıb.
Memorandumun əsas strateji istiqamətlərini tərəflər arasında bilik və təcrübə mübadiləsinin aparılması və prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.
Sənədə əsasən, tələbələr üçün təcrübə proqramları və müsabiqələr təşkil ediləcək, habelə onların iş prosesi ilə yaxından tanış olmaları üçün Cəmiyyətin ofisinə infoturlar həyata keçiriləcək. Həmçinin ADA Universitetində təhsil alan gənclərə strateji sahələr üzrə sertifikasiya və digər məsələlərdə “Azərsu” dəstək göstərəcək.
ADA Universiteti isə “Azərsu”yu akademik araşdırma və elmi tövsiyələrlə təmin edəcək, Cəmiyyətin əməkdaşlarının peşəkar inkişafını dəstəkləyəcək. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi məqsədilə onların qonaq çıxışçı qismində ADA Universitetində keçirilən tədbirlərdə iştirakı təmin ediləcək.
K.Həsənov qeyd edib ki, Memorandum prioritet istiqamətləri üzrə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, əməkdaşların bilik və təcrübələrinin artırılmasına, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda içməli su sektorunda icra olunan yeni layihələr, qlobal iqlim dəyişmələri fonunda içməli sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərində ADA Universitetinin əməkdaşları və tələbələrinin fəal iştirakı da nəzərdə tutulur.
F.İsmayılzadə Universitetin milli kadr potensialının inkişafına göstərdiyi dəstəkdən və sözügedən qurumlar arasındakı əməkdaşlığın vacibliyindən bəhs edərkən bildirib: "ADA Universiteti və “Azərsu”yun sosial layihələrin icrasında, birgə elmi araşdırmaların aparılmasında və maarifləndirici tədbirlərin təşkilindəki əməkdaşlığı yalnız sənədi imzalayan tərəflər üçün deyil, ümumilikdə, cəmiyyətimiz üçün faydalı olacaq”.