Bakı 6˚C Dreary

“Azərsu” növbəti yay mövsümü ilə bağlı hazırlıqlara başlayıb

Cəmiyyət 17:11 14 okt, 2021

“Azərsu”dan məlumat verilib

“Azərsu” növbəti yay mövsümü ilə bağlı hazırlıqlara başlayıb

“Azərsu” ASC növbəti yay mövsümünə su ilə bağlı hazırlıqlara başlayıb və bununla bağlı magistral kəmərlərini təftiş edir.

Qazet.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq “Azərsu”dan məlumat verilib.

“Kəmərlərimizin ötən yay aylarında təzyiqin yüksək olduğu vaxtlarda hansı hissələrdə daha çox qəzaların baş verdiyini, ordakı boruların vəziyyətini, o boruların dəyişdirilməsinə, təmir edilməsinə və ya siyirtmələrin yenilənməsinə, əlavə siyirtmələrin qoyulmasına ehtiyac olub-olmamasını araşdırırıq.

Bununla bağlı bizdə təftiş-monitorinq işlərinə başlanıb və eyni zamanda artıq ehtiyac olan ərazilərdə magistral kəmərdə təmir-bərpa işlərini aparırıq və çalışacağıq ki, may ayına qədər bu işi də tam yekunlaşdıraq ki, artıq mayda istilər düşür, suya tələbat artır, xətlərimiz yüklənir, ona görə də həmin yüklənmə vaxtında əhalinin dayanıqlı içməli su təchizatını apara bilək”, - deyə ASC-dən bildirilib.

Qeyd edək ki, “Azərsu” ölkə üzrə 1 milyon 629 min 845 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1 milyon 567 min 026-ı əhali, 62 min 819-u isə qeyri-əhali abunəçiləridir.

Cəmiyyətin balansında 20 min km uzunluğunda su, 5 min km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.

Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.