"AzMİU Academy" fəaliyyətə başladı
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin mühəndis proqramlarının mənimsənilməsinə olan ehtiyaclarının ödənilməsi məqsədilə “AzMİU Academy” fəaliyyətə başlayıb.
Universitetdən Qazet.az-a bildirilib ki, İnşaat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Süleymanlının təşəbbüsü ilə fəaliyyətə başlayan “AzMİU Academy”də tələbələrə ödənişsiz olaraq “Autocad”, “3D Max”, “Adobe Photoshop”, “Corel Draw” və “Ofis” proqramları tədris olunacaq.
“AzMİU Academy”nin açılış mərasimində prorektor Orxan Naqdiyev və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev tələbələrə uğurlar arzulayıblar və peşəkar fəaliyyətin təşkili üçün mühəndis proqramlarının əhəmiyyətindən danışıblar. Bildirilib ki, “AzMİU Academy”nin fəaliyyətə başlaması ilə bağlı ilk elana əsasən müxtəlif fakültələrdən 172 tələbə qeydiyyat üçün müraciət edib. Müraciət edən tələbələrdən formalaşdırılan ilk qruplarda artıq məşğələlərə başlanılıb.
Layihənin tələbələr arasında könüllü idarəetmə sisteminin qurulmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, tələbələr arasında səmərəli təhsil mühitinin yaranmasına, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verəcəyi gözlənilir.
Qeyd edək ki, “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə sonda sertifikatlar təqdim olunacaq.