Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi - FOTO
Bu gün Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi.
Qazet.az-ın məlumatına görə, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya kitab sənəti ilə əlaqəli müəssisə təmsil olundu.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Mədəniyyət Naziri Anar Kərimov, Baş Nazirin müavini Əli Əhmədov, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputatlar və ictimaiyyət nümayəndələri iştirak etdi.
Sərgidə giriş olaraq Mədəniyyət Naziri Anar Kərimov çıxış etdi. Qırmızı lent kəsildi.
Xarici ölkələrdən qonaq qismində qatılan yazıçılar Anar Kərimova öz dəyərli əsərlərini hədiyyə etdilər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və tərtibçilərlə müzakirələr təşkil edildi.
8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyədir. Həmin ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçirildi.
Qeyd edək ki, sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur. Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyası davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb.
Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək.