“Bakı İrəvanla sülh sazişinə hazırdır” - Azərbaycanın BMT-dəki nümayəndəsi
Y.Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib
“Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır”.
Qazet.az xəbər verir ki, bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", deyə diplomat bildirib.
Y.Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan əmindir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki ölkə arasında qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur: “Belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın yanaşı dinc yaşamasıdır”.