Metroda Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi – DİN-dən AÇIQLAMA + YENİLƏNİB
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır
Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qazet.az-a bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:
“Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.
Hadisənin təfərrüatı araşdırılır”.
***
Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib.
Qazet.az-ın məlumatına görə, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Ərazidə olan şəxslər gəncin özünü yandırmasının qarşısı alınıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.