Bakı 2˚C Mostly cloudy

Bakı və Sumqayıt üzrə tibb müəssisələrinə müraciətlərin növləri açıqlanıb

Cəmiyyət 15:29 18 noy, 2021

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib

Bakı və Sumqayıt üzrə tibb müəssisələrinə müraciətlərin növləri açıqlanıb

Bu ilin oktyabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 897 mindən çox tibbi xidmət göstərilib

Bu barədə Qazet.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən Agentliyə təqdim edilən ilkin hesabatlara əsasən bu ilin oktyabr ayı ərzində Bakı TƏB-i üzrə 199 394 və Sumqayıt TƏB-i üzrə 42 464 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 897 326 tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 406 098 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 670 932-si ambulator, 226 394-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin oktyabr ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (246), Nərimanov (245), Pirallahı (226), Səbail (214), Sabunçu (196), Nəsimi (193), Xəzər (161), Suraxanı (129), Qaradağ (80) və Xətai (79), Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 110 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (117 743), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (85 242), Kliniki Tibbi Mərkəzi (83 765), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (75 273), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (56 897), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (51 556), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (29 680), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 099), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (18 233) və 15 nömrəli Uşaq Poliklinikası (17 308).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 15 nömrəli Uşaq Poliklinikası və 13 nömrəli Uşaq Poliklinikası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və sinir sistemi xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin oktyabr ayında Bakı TƏB üzrə 768 886, Sumqayıt TƏB üzrə isə 128 440 tibbi xidmət göstərilib.

Bundan başqa, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə oktyabr ayına qədər 1 025 040 vətəndaşa 2 040 738 müraciət üzrə 4 249 221 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 193 692 vətəndaşa 423 768 müraciət üzrə 720 658 tibbi xidmət göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 467 göndəriş verilib. Bu göndərişlərin 7402-si invaziv radiologiya, 3708-i radiologiya, 2639-u oftalmologiya, 1759-u urologiya, 1397-si ürək-damar cərrahiyyəsi, 855-i neyrocərrahiyyə, 274-ü travmatologiya, 206-sı kardiologiya, 21-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1206 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 18 300-ü (94%) planlı, 1167-si (6%) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 368 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 5322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə oktyabr ayı ərzində 602 186 nəfərə 1 005 381 müraciət üzrə 2 306 645 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 897 240-ı ambulator, 409 405-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində isə bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Aparılmış struktur islahatlarının nəticəsində may ayından etibarən Bakı və Sumqayıt şəhərlərində çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələrinin bazasında (Zəngilan və Qubadlı Rayon Mərkəzi Xəstəxanaları istisna olmaqla) Bakı şəhəri üzrə 11 və Sumqayıt şəhəri üzrə 1 tibb mərkəzi yaradılıb. Statistik göstəricilər tibb mərkəzləri üzrə ümumiləşdirilmiş məlumatları, habelə respublika tabeli tibb müəssisələri üzrə göstəriciləri özündə əks etdirir.