Bakıda bal yarmarkası başlayır
1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Qazet.az-a verilən məlumata görə, yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.
Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.
Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edəcəklər. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Vətəndaşlar 1-20 oktyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.