Bakıda bəzi ərazilərə su nə üçün qrafiklə verilir? - RƏSMİ AÇIQLAMA
Çünki orada kifayət qədər su həcmimiz yoxdur
Hazırda Bakı əhalisinin 81,6 faizi 24 saat içməli su ilə təmin edilsə də, 18,4 faizinə qrafiklə su verilir.
Qazet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, suyun fasiləsizliyi ilə bağlı problem bəzi yerlərdə suyun həcminin azlığından, digər yerlərdə isə texniki imkanların aşağı olmasından qaynaqlanır.
“Məsələn, biz istəsək də yay aylarında Pirşağıya 24 saat su verə bilmirik. Çünki orada kifayət qədər su həcmimiz yoxdur. Problemin aradan qaldırılması məqsədilə Bakının şərq hissəsində, Saray qəsəbəsindən Pirallahıya qədər üçüncü magistral kəmərin tikintisini təklif etmişik. Kəmərlərdən biri sovet dövründə tikilib, digəri, Ceyranbatan-Zirə xətti 2013-cü ildə istismara verilib və qalan hissədə də üçüncü xəttin tikilməsi imkan verəcək ki, ora verilən suyun həcmini artıra bilək. Amma elə ərazilər də var ki, buna infrastruktur imkan vermir. Məsələn, 20-ci sahəni götürək. Orada evlər gecəqondu formasında tikilib. Həmin əraziyə çox su verəndə itkiyə gedir və küçələri su basır. Digər bir ərazi Yasamal rayonunda, A.M.Şərifzadə küçəsinin üst tərəfidir. Aşağı tərəflərə fasiləsiz su verilir, lakin yuxarı hissələr 24 saat su ala bilmir. Burada fasiləsizliyi təmin etmək üçün yeni hidrofor sistem qurulmalı və bütün şəbəkə yenilənməlidir ki, təzyiqlə binalara su vermək mümkün olsun. Orada su anbarımız ATS-in yuxarı hissəsində yerləşir və axar rejimdə suyu açdıqda, İnşaatçılar prospekti, Ələsgər Ələkbərov küçəsi və digər ərazilərə fasiləsiz su vermək olur. Amma yuxarı hissələrdə təzyiq formalaşdırmaq mümkün olmur. Və ya Mir Cəlal küçəsini götürək. Küçənin bir hissəsi Binəqədi, bir hissəsi də Nəsimi rayonunun ərazisinə düşür. Həmin küçədə də eynilə bir hissədə suyu fasiləsiz vermək mümkün olsa da, digər hissəsində bu mümkün olmur. Həmçinin, Mərdanov qardaşları küçəsində, Nərimanov rayonunda, Yeni Suraxanı və Köhnə Suraxanıda, Əhmədlinin, Hövsanın bir hissəsində, ümumiyyətlə Bakının bir çox hissəsində bu problem var. Lakin fasiləsizliyin təmin edilməsi istiqamətində işlər aparılır”, - deyə, “Azərsu” rəsmisi bildirib.
A.Cəbrayıllı onu da qeyd edib ki, ötən dövrlərlə müqayisədə son illərdə vəziyyət xeyli yaxşılaşıb.
“Qeyd edim ki, 2010-cu ilin dekabrında Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilərkən Bakı şəhər əhalisinin təxminən 35 faizi 24 saat su ilə təchiz edilirdi. O dövrlə müqayisədə paytaxtda abonentlərimizin sayının iki dəfə artmasına baxmayaraq, bu gün Bakıda əhalinin 81,6 faizi 24 saat su alır. Sumqayıtda bu rəqəm bir qədər çoxdur. Amma cənab Prezidentimiz hədəf qoyub ki, hər bir Azərbaycan vətəndaşı fasiləsiz və keyfiyyətli su ilə təmin olunmalıdır. Bakıda, Abşeron yarımadansında, Sumqayıtda içməli suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Bunu əminliklə deyə bilərik. Digər tərəfdən içməli suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzi də bəyan edir ki, Azərbaycanda, xüsusən də Bakıda suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur və bütün standartlara cavab verir. Lakin fasiləsizliklə bağlı nüanslar var ki, onların da həll edilməsi istiqamətində tədbirlər görülür”, - deyə qurum rəsmisi əlavə edib.