Bakı 21˚C Mostly sunny

Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib

Cəmiyyət 17:10 19 noy, 2022
Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib

Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib.

Qazet.az xəbər verir ki, bu barədə Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yaydığı birgə məlumatda deyilir.

Elektromobil və hibrid avtomobillərlə yürüşü Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə baş tutub.

İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər.

Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib. Ölkəmizdə ekoloji cəhətdən təmiz elektromobillərin təşviqi ilə bağlı tətbiq edilən bu və digər stimullaşdırıcı tədbirlər ekoloji təmiz avtomobillərə marağın artırılmasına, ətraf mühitə təsirlərin minimuma endirilməsinə, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə öz müsbət töhfəsini verə bilər.

Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib