Bakı 2˚C Partly sunny

Bakıda kitabxanaçı olmaq istəyənlərin biliyi yoxlanılır

Cəmiyyət 18:37 30 noy, 2022
Bakıda kitabxanaçı olmaq istəyənlərin biliyi yoxlanılır

Azərbaycan Mədəniyyət Nazirliyinin kitabxanalarında peşəkar kadr potensialının formalaşdırılması, əmək bazarında şəffaf rəqabətin yaradılması, o cümlədən kitabxana sektorunda aparılan islahatlar çərçivəsində müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib. 

Mədəniyyət Nazirliyindən Qazet.az-a verilən məlumata görə, müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarət olmaqla, bu vəzifəyə iddiaçıların peşə biliklərinin səviyyəsini, məntiqi təfəkkürünün inkişafını, üfüqlərini müəyyən edəcək.

Noyabrın 28-də Azərbaycan Milli Kitabxanasında kitabxanaların vakant yerlərinin tutulması üzrə keçirilən imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319-u iştirak edib. Namizədin tutduğu vəzifənin nömrəsi və balı göstərilməklə imtahan nəticələri 2 dekabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında dərc olunacaq, həmçinin müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin mobil nömrələrinə göndəriləcəkdir.

Testdə kitabxana işi üzrə normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sual yer alıb.

Bakı şəhərinin kitabxanalarında vakant yerlərin tutulması üçün namizədlər 35 suala (70%), Sumqayıt, Gəncə və Abşeron rayonundakı kitabxanalarda vakant yerlərin tutulması üçün 30 suala (60%), digər kitabxanalarda vakant yerlərin tutulması üçün namizədlər 30 suala (60%) düzgün cavab verməlidirlər.