Bakıda mövsümi ağaclar əkilir
Son vaxtlar Bakının flora müxtəlifliyinin artmasına baxmayaraq, şəhərin iqlim şəraitinə uyğunlaşmış aborigen ağac növlərinin sayı azalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Qazet.az-a verilən məlumata görə bununla əlaqədar, oktyabrın 18-də paytaxtın “Nizami”, “Atatürk” və “Sahil” parklarında xüsusi rəng çalarları ilə seçilən Lənkəran akasiyası və Hind yasəməni əkilib, həmçinin əvvəllər əkilən ağacların qurumuş budaqları budanıb.
Görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış şəhərin yaşıllıq planı üzrə aparılır.
Qeyd edək ki, yeni ağacların əkilməsi işlərində Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də fəal iştirak edirlər.