Bakı 26˚C Intermittent clouds

Bakıda narkotacirlər saxlanılıb

Gündəm 19:50 02 dek, 2021

O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib

Bakıda narkotacirlər saxlanılıb

Səbail rayon polis idarəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov tutularaq istintaqa cəlb edilib.

Bu barədə Qazet.az-a Daxili işlər nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb.

Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslərin ətraflarında Səbail rayon polis idarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.