Bakıda qardaşını öldürən şəxs bəraət alıb? - Rəsmi
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 8 dekabr tarixli hökmü ilə təqsirləndirilən şəxs Elçin Camalovun əməli “zəruri müdafiə” kimi qiymətləndirilərək ona bəraət verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu paytaxtın Nəsimi rayonunda Etibar Feyzəməd oğlu Camalovu qəsdən öldürməkdə təqsirləndirilən qardaşı Elçin Camalovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan informasiyalara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən qazet.az-a bildiriblər ki, martın 18-də birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Etibar Camalov bıçaqla qardaşı Elçin Camalova xəsarət yetirib. Daha sonra sonuncu bundan qəzəblənərək qisas almaq niyyəti ilə evdə masanın üzərində olan bıçağı götürüb Etibar Camalovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağla Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Elçin Camalova həmin maddə ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 8 dekabr tarixli hökmü ilə təqsirləndirilən şəxs Elçin Camalovun əməli “zəruri müdafiə” kimi qiymətləndirilərək ona bəraət verilib.
Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.