Bakı 23˚C Mostly cloudy

Bakıda sağlam ahıllıq mövzusunda fotosərgi açılıb

Maraqlı 16:42 01 okt, 2021

Sərgidə peşəkar fotoqrafların çəkdiyi şəkillər nümayiş olunur

Bakıda sağlam ahıllıq mövzusunda fotosərgi açılıb

Oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü münasibətilə Bakı bulvarında sağlam və mənalı yaşlanma mövzusuna həsr olunmuş fotosərgi açılıb.

Qazet.az xəbər verir ki, Birinci vise-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT Əhali Fondunun dəstəyilə təşkil olunan sərginin məqsədi yaşlanma ilə bağlı mövcud ehkamlardan imtina etməkdir. Sərgidə peşəkar fotoqrafların çəkdiyi şəkillər nümayiş olunur.

Açılış mərasimində Birinci vise-prezidentin katibliyinin nümayəndəsi Fərqan Abbaszadə layihə çərçivəsində ahılların sağlam və fəal həyat tərzini təbliğ edən bir çox inklüziv tədbir və proqramlar həyata keçirdiklərini deyib: "Dövlətimizin ahıllara qarşı hörməti və dəstəyi həmişə yüksək səviyyədə olub”.

O, Dövlət Statistika Komitəsi ilə birgə “ahıllarda fəal yaşlanma” indeksi hazırlayıb hesablayacaqlarını diqqətə çatdırıb.

BMT Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, bu gün hamımız bu cür müsbət nümunələrə möhtacıq: "Gördüyümüz fotolardakı yaşlıların enerjisi yaşın quru rəqəmdən başqa bir şey olmadığını sübut edir. Bu sərginin daha bir əhəmiyyətli cəhəti bulvarda, açıq havada keçirilməsidir. Bu da layihəmizi daha geniş tanıtmağa kömək edəcək, ahılları ictimai işlərdə yaxından iştirak etməyə sövq edəcək”.

Ölkəmizdə ahılların sosial müdafiəsi istiqamətindəki tədbirlərdən söhbət açan DOST İdarə Heyətinin sədri Fərid Məmmədov isə deyib ki, “Fəal yaşlanma” layihəsi sağlam və mənalı həyat tərzinə meyl edən ahıllara dəstək, eyni zamanda, onların sosial müdafiəsinə yönələn tədbirdir.

Sərgi 2 gün davam edəcək.