Bakıda yas yerində söyüşə görə qətl törədən şəxsin məhkəməsi başlayıb
Mübahisəyə səbəb söyüş olub
Bu gün Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Qazet.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 12-də Bakının Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü B.Mehrəliyev ilə tanışı, 1990-cı il təvəllüdlü Elnar Qədimov arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və yeniyetmə üzərində gəzdirdiyi bıçaqla E.Qədimova xəsarət yetirib.
Hadisə nəticəsində E.Qədimov yerindəcə ölüb.
Məlumata görə, mübahisəyə səbəb söyüş olub. Hadisə B.Mehrəliyevin əmisinin vəfatının ildönümü münasibətilə keçirilən yas mərasimində qeydə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
B.Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.