Bakıda yenidən tikilən məktəbin açılışı oldu
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin əsaslı tikinti-təmirdən sonra açılışı olub.
Qazet.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə məktəbin köhnə binası sökülərək yeni kompleks (idman və akt zalı ilə) inşa edilib.
Məktəb kompleksinin direktoru Nurqələm Bayramova bildirib ki, əvvəlki bina 1 176 şagirdlik yer idi və məktəbdə 1 700-ə yaxın şagird oxuduğundan sıxlıq yaranmışdı:
"Ona görə də yeni binaya ehtiyac var idi. Yeni bina isə 4 mərtəbəli, 2 256 şagird yerlikdir. Məktəbdə 136 müəllim heyəti çalışır. Yeni inşa olunan məktəbdə 78 sinif otağı, 2 informatika, 2 kimya laboratoriyası, 2 fizika laboratoriyası, 2 biologiya laboratoriyası, 1 hərbi otaq, 2 əmək otağı, 10 (yarımqrup üçün) xarici dil oraqları, geniş kitabxana, yeməkxana akt zalı, idman zalı, tibb otağı, müəllimlər üçün otaqlar, texniki otaqlar yaradılıb".
Qeyd olunub ki, istilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib, 2 su anbarı yaradılıb. Məktəb lazımı mebel, ləvazimat və inventarlarla, dərsliklərlə tam təmin edilib. Məktəbin ətraf ərazisi abadlaşdırılıb, məktəbə uzanan yollar asfaltlanıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb.