Bakının qurtuluşu - Qardaşlıq tarixi 103 il
Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür
Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 il ötür.
Qazet.az bildirir ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Azərbaycan Xalq Cumhuriyyəti və Osmanlı əsgərlərindən ibarət Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad ediblər.
Bu gün tariximizin ən şərəfli səhfələrindən biridir. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.
Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı İmperiyası qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı İmperiyası 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Belə ki, Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan haqq savaşında qələbə qazanmasında mühüm rolu olub.