“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”
“Barselona”nın prezidenti Joan Laporta Avropa futbolunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Qazet.az yerli mətbuata istinadən xəbər verir ki, o, yazda Super Liqa ilə bağlı yenidən müzakirələr olacağını və buna uyğun qərar veriləcəyini bildirib.
Laporta qeyd edib ki, əgər Super Liqa qapalı müsabiqə olsaydı, bu layihədə iştirak etməyə razı olmazdı: “Dəyişdirmək istədiyimiz yeganə şey idarəetmə modelidir. O, klublara məxsus olmalıdır, amma UEFA başqa tərəf kimi danışıqlar masasına otursun. Qərar müsbət olarsa, o zaman Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”.
“Barselona”nın rəhbəri bildirib ki, Premyer Liqa ilə rəqabət aparacaq bir Avropa turniri yaratmaq istəyirlər: “Biz İngiltərə klublarının Super Liqaya qatılmasını istəyirik, amma ilk mərhələdə bunu edəcəklərini düşünmürük. Mən ölkə çempionatlarının tərəfdarıyam, amma şəxsi fikrimcə, ikinci mərhələdə Premyer Liqa ilə Super Liqanın birləşməsi maraqlı olar”.
Laporta La Liqa prezidenti Xavyer Tebasla bağlı da danışıb: “Onunla şəxsi münasibətim yaxşıdır, lakin o, “Barselona” kimi klubların fəaliyyətini dayandırmaqdansa, futbol televiziyasının itirdiyi 1,5 milyon tamaşaçının geri qayıtmasından daha çox narahat olmalıdır”.