Bakı 12˚C Intermittent clouds

Baş Nazir iclas keçirdi

Siyasət 17:24 10 yan, 2023
Baş Nazir iclas keçirdi

Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə 2-6 oktyabrda Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Qazet.az xəbər verir ki, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunduğunu bildirib.

Tədbirin miqyasını və önəmini nəzərə alaraq onun yüksək səviyyədə təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan artıq bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib - Sovet İttifaqında ilk və yeganə konqres o vaxt Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Bakı şəhərində keçirilib. Vurğulanıb ki, Ümummilli Liderin hərtərəfli inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində 50 ildən sonra Azərbaycanın bu mötəbər tədbirə artıq müstəqil dövlət kimi yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyır.

Dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın bütün sahələrdə, həmçinin beynəlxalq aləmdə mühüm nailiyyətlər qazandığı, o cümlədən vacib və aparıcı istiqamətlərdən olan müasir texnologiyalar və kosmik sənaye sahələrində böyük uğurlara imza atdığı qeyd edilib.

Son illər ərzində ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil edilməsi dünyada böyük nüfuza malik Beynəlxalq Astronavtika Federasiyası tərəfindən 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş Baş Assambleya çərçivəsində Bakı şəhərinin gərgin və çətin rəqabət şəraitində növbəti konqresə ev sahibi seçilməsini şərtləndirən əsas amillərdən biri kimi səciyyələndirilib.

Bütün bu nailiyyətlərin konqresin ən yüksək səviyyədə keçirilməsinə şərait yaradacağına əminlik ifadə olundu. Bu məqsədlə konqresin keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığı və icra edilməsi üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq verildiyi diqqətə çatdırılıb.

Daha sonra konqresə hazırlıq məqsədilə görülən işlər və Tədbirlər Planının icrası ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri, Təşkilat Komitəsi sədrinin müavini Rəşad Nəbiyev geniş təqdimatla çıxış edib.

İclasda Bakı konqresinə hazırlıq işlərinə dair müzakirələr aparıldı, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı Təşkilat Komitəsinin üzvlərinə müvafiq tapşırıqlar verilib.