Bakı 6˚C Showers

Baş nazirin qərarı çörəyin bahalaşmasının qarşısını alacaqmı? - Ekspert rəyi - EKSKLÜZİV

Eksklüziv 19:26 17 sen, 2021

Natiq Cəfərli Azərbaycanda çörəyin qiymətinin bahalaşmasından danışıb

Baş nazirin qərarı çörəyin bahalaşmasının qarşısını alacaqmı? - Ekspert rəyi -<span style="color:red"> EKSKLÜZİV</span>

Son günlərdə gündəmin əsas mövzusu çörəyin qiymətinin artmasıdır. Ölkədə çörək satan iki şirkətin bir gecə ərzində qiyməti 5-10 qəpik artırması əhalidə böyük narahatlıq yaradıb.

Bunun sabahısı Baş nazir un və un məmulatlarının qiymət artımının qarşısını almaq məqsədi ilə yeni qərar verdi. Bu qərar əsasında un istehsalçılarına 1 kq una görə 35 qəpik dövlət yardımı veriləcək.

Qazet.az çörəyin bahalaşması və Baş nazirin qərarı ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada ərzaq bahalaşır və bu özünü xüsusən taxıl məhsullarında - buğdada göstərir:

“Azərbaycan bu gün özünü buğdayla təmin edə bilmir. Ölkədə əkilən buğdanın böyük bir hissəsi heyvan yemləri üçün yararlıdır. Çörək istehsalı üçün keyfiyyətli buğda Azərbaycanda çox az becərilir. Bu baxımdan biz xarici bazardan asılıyıq və ən çox buğda aldığımız ölkə Rusiyadır. Rusiya isə bu ilin aprel ayından başlayaraq həm buğdanın qiymətini artırıb, həm də əlavə olaraq idxal rüsumunu artırıb”

Natiq Cəfərli
iqtisadçı-ekspert

Onun sözlərinə görə, bu rüsum artımı kifayət qədər çoxdur ki, hər tona görə 50 avro idxal rüsumu tələb olunur. Bu da kifayət qədər yüksək məbləğdir və qiymətin bahalaşmasında mühüm rol oynayır. Ardınca Qazaxıstan və Ukranyanın da eyni addımı atması heç yaxşı hal yaratmayıb.

Ekspert bu qiymət artımını süni artım hesab etmir.

“Ümumiyyətlə bazar iqtisadiyyatı olan bir ölkədə süni qiymət artımından söhbət belə getmir. Əgər bir ölkədə süni qiymət artımı müşahidə olunursa, deməli həmin ölkədə bazar iqtisadiyyatı yoxdur”, deyə Natiq Cəfərli açıqlamasına əlavə edib.

“Bu gün Azərbaycana çörək və digər un məmulatlarının hazırlanması üçün istifadə edilən buğdanın 60-70%-i xaricdən gəlir. Xaricdə olan qiymət artımı isə ölkə daxilində istər-istəməz qiymət artımını yaratmış olur. Bundan öncə dəfələrlə çörəyin qiymətində artım müşahidə olunub, amma bu artım çörəyin çəkisinin azalması ilə aparılırdı. Artıq bu mümkün olmadığı üçün məcburi olaraq real qiymət artımının şahidi olmuş oluruq”, deyə bildirən ekspert qiymət artımının olmasını ölkədə bazar rəqabətinin də zəif olması ilə əlaqələndirib.

Baş nazirin verdiyi qərarın yeni olmadığını söyləyən Natiq Cəfərli əvvəlki qərarın uzadılması olduğunu söyləyib: “Bu yeni bir qərar deyil, bundan öncə fevral-may aylar üçün un istehsalçılarına bu subsidiya nəzərdə tutulmuşdu. May ayında bu qərar dayandırıldı və təkrar verilən qərarla bu güzəşt may ayından sentyabr ayına qədər uzadıldı. Deyilənə görə bu qərar yanvar ayına qədər uzadılacaq, amma bu o demək deyil ki, çörəyin qiymətində ucuzlaşma olacaq. Bu subsidiyalar çörəyin qiymətini olduğu qiymətdə saxlamağa və ya yavaş qiymət artımını təmin etmək üçündür”.

“Çörək ölkədə qiyməti tənzimlənməyən məhsullara aiddir. Bu artımı nə Tarif Şurası, nə də Nazirlər Kabineti təyin etmir. Dövlət çörəyin qiymətiylə bağlı istehsalçıya diktə edə bilməz amma onunla qarşılıqlı maraqlar üzərində anlaşma edə bilər. Bu gün qardaş ölkə Türkiyədə özəl sektorla, dövlət arasında qarşılıqlı münasibətlər var. Bu da hər tərəfli ölkə daxilində qiymət tənzimlənməsində yaxşı nəticə vermiş olur. Bu gün Azərbaycanda bilirik ki, kommunal xidmətlər üçün tələb olunan ödənişlər daim artmaqdadır, məhz bu yaxınlarda suya 2 dəfə ard-arda gələn qiymət artımı buna nümunədir. Əgər hökümət qiymət artımını tənzimləmək istərsə, çörək sexlərinə kommunal xidmətlərdə güzəştlər etsin. Bu gün çörəyin hazırlanmasında işıq, qaz, sudan daimi istifadə edilir və çörəyin hazırlanması xərclərinin 30-35%-ni kommunal xərclər təşkil edir. Hökümət biznesə süni qiymət artımı təfəkkürüylə deyil, biznes tərəfdaşı kimi yanaşma etməldir. Bununla həmin qiymət artımına gedəcək problem təyin edilər ki, həmin yolda da istehsalçıya lazımi güzəştlər edilər və ölkədə düzgün qiymət tənzimlənməsi həyata keçirə bilərlər”, deyə bildirən ekspert Natiq Cəfərli fikrini tamamlayıb.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.