Bakı 21˚C Sunny

Baş Prokurorluq: “Erməni əsirlərə aid olduğu iddia edilən videolarla bağlı istintaq davam etdirilir”

Gündəm 12:16 10 okt, 2022
Baş Prokurorluq: “Erməni əsirlərə aid olduğu iddia edilən videolarla bağlı istintaq davam etdirilir”

“Erməni əsirlərə aid olduğu iddia edilən videolarla bağlı 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir”

Qazet.az xəbərinə görə, bunu Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, son 30 ildə Ermənistan tərəfindən Azərbaycana, onun mülki vətəndaşlarına, Silahlı Qüvvələrinə, infrasturkturuna qarşı çoxsaylı cinayətlər törədilib:

“Təəssüflər olsun ki, bu gün ölkəmizə qarşı haqqı, ədaləti fərqi, qərəzli şəkildə təqdim etməyə, şərh etməyə, pozmağa yönələn cəhdlər və bu cəhdləri özündə ehtiva edən ikili standartlar möcvuddur”.

Onun sözlərinə görə, son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər:

“Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz”.