Baş verənlər fonunda İranın müxtəlif əyalətlərə parçalanacağı da istisna edilmir - “Kaspi”nin TƏHLİLİ + FOTO
Yaxın, yaxın olduğu qədər də uzaq olan qonşu İranda fars molla rejiminə qarşı kəskin etirazlar repressiya və təzyiqlərə baxmayaraq davam edir. Özünü ətraf aləmdən təcrid edən İran rejimi kritik durumdadır. Rejimə qarşı nifrət görünməmiş səviyyəyə yüksəlib və proseslərin gedişi göstərir ki, ölkəni əvvəlki qaydada idarə etmək mümkün deyil, insanlar da köhnə qaydalarla yaşamaq istəmirlər.
Mövcud durum İranı daha fəlakətli ssenarilərə sürükləyir. Baş verənlər ölkədə illər uzunu milli, etnik ayrı-seçkiliyə məruz qalmış xalqlar üçün ümid yeridir. Elə bu səbəbdəndir ki, onlar bu etirazların əsas hərəkətverici qüvvəsi rolunda çıxış edirlər. Molla rejiminin ən çox ehtiyat etdiyi daxili parçalanma, vətəndaş müharibəsi qorxusu da günbəgün artır.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.
İranın Yuqoslaviya, SSRİ kimi parçalanacağını ehtimal edənlərin sayı da artır. Hələ illər əvvəl nüfuzlu beynəlxalq araşdırma mərkəzlərindən biri İranın parçalanması planının mövcud olduğunu və onun 2025-ci ilə qədər həyata keçiriləcəyini proqnoz etmişdi.
Rejim üçün çıxış yolu da var. Ölkənin Suriyanın, İraqın gününə düşməsini istəmirlərsə, siyasətlərini kökündən dəyişməli, ciddi islahatlara getməlidirlər.
Baş verənlər fonunda ölkənin müxtəlif əyalətlərə parçalanacağı da istisna edilmir. İddialara görə, hakimiyyət dəyişikliyi xalqlar arasında müstəqillik ideyalarını daha da gücləndirə bilər. Nəticədə indiki İran ərazisində gələcəkdə Cənubi Azərbaycan, Kürdüstan, Bəlucistan kimi dövlətlərin yaranacağı ehtimal edilir. Bunların içərisində ən realı isə Kürdüstan ola bilər. İranın parçalanmasında marağı olan ABŞ çox güman ki, bununla illər əvvəl hazırladığı planı - müstəqil kürd dövləti yaradılmasını reallaşdırmağa çalışacaq.
Əxlaq polisinin ləğvi heç nəyi dəyişməyəcək.
Bu həftə baş prokuror Məhəmməd Cəfər Montazerinin əxlaq polisi adlanan qurumun ləğv ediləcəyini açıqlamasından sonra gərginlik daha da artıb. İnsanlar hesab edirlər ki, artıq hicab azadlığı tələbi arxada qalıb, indi onları “rejim dəyişikliyi” düşündürməlidir. Əxlaq polisinin ləğvi xəbəri təsdiqini taparsa, bu, güzəşt ola bilər, amma bunun hicablarını yandıran nümayişçilərin etirazlarını dayandırmaq üçün yetərli olacağına heç bir zəmanət yoxdur.
Hətta hökumətin hicabın şəxsi seçim olduğunu bildirməsi də kifayət deyil. Son 70 gündür ki, qadınların çoxu etirazlara onsuz da artıq hicabsız çıxır. “Bizi xilas edəcək yeganə şey inqilabdır. Hicab onun başlanğıcı idi və indi biz diktatora ölümdən və rejim dəyişikliyindən başqa heç nə istəmirik”, - deyə etirazçılardan biri qərb mediasına bildirib.
İranı SSRİ-nin taleyi gözləyə bilərmi?
Etiraf edilməlidir ki, İran bir çox cəhətlərinə görə keçmiş SSRİ-ni xatırladır. Məsələn, qapalılıq, özünütəcrid, imperiya siyasəti, bir xalqın digərləri üzərində ağalığı, hüquqların tapdanması və s. Bu baxımdan İranın da SSRİ kimi parçalanacağı və müxtəlif dövlətlərə bölünəcəyi gözləniləndir. Ölkənin Suriya, Livan və İraq kimi bölünəcəyi ehtimalı da var. Vahid müxalifətin olmaması və aksiyaların spontan xarakter alması siyasi xaosu dərinləşdirə biləcək əsas amillərdən sayılır. Üstəlik, bu prosesin silahlı qarşıdurma məcrasına daxil olması içdən parçalanmanı sürətləndirə bilər.
İran artıq Rusiya üçün də problemlər yaradır.
İş o yerə çatıb ki, hətta Rusiya da İrandan üz döndərir. Rusiya mediası yazır ki, İranın Qafqazda və Xəzərdə yaratdığı və ya yarada biləcəyi problemlər Kremlin də narahatlığına səbəb olmaqdadır.
“KİV-in məlumatlarına əsasən, İranın bu gün ən böyük riski sosial etirazların vətəndaş müharibəsinə çevrilməsi ehtimalıdır. Amma əslində bu, müasir Tehranın daxili və xarici siyasətində aktuallaşan problemlərin zahiri təzahürlərindən yalnız biridir. İranın daxili siyasətindəki əsas problem fars millətçiliyidir. 1979-cu ildə hakim rejimin dəyişməsi onun ideoloji bazasına heç bir təsir göstərməyib. İslam İnqilabını təşkil edən fundamentalistlər formal olaraq ari sivilizasiyasının (yəni farsların) üstünlüyünü elan edən şovinist pəhləviliyi siyasi İslamın yerli forması ilə əvəz etdilər.
Lakin ayətullah Xomeyni və Əli Xameneinin hakimiyyəti illərində millətçi siyasət aradan qalxmadı. İranın bütün xalqları, xüsusən də azərbaycanlılar ayətullah Məhəmməd Kazım Şəriətmədarinin başçılığı ilə Pəhləvinin devrilməsində iştirak etsələr də, bu, onların taleyinə heç bir təsir etmədi”, - deyə “Vestnik Kavkaza” yazır. Müşahidəçilər bir ağızdan bildirirlər ki, əgər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər birləşib rejimə qarşı koordinasiyalı mübarizəyə başlasalar, o zaman İran Yuqoslaviyanın taleyini təkrarlayacaq.
Heç bir kompromis mümkün deyil
Xüsusi lideri olmasa da, indiki etiraz hərəkatı öz möhkəmliyi ilə seçilir. Hökumət hədə-qorxu ilə etirazları yatırmaq cəhdlərini davam etdirir. Lakin belə görünür ki, nümayişçilərlə teokratik rejim arasında heç bir kompromis mümkün deyil. Tələblər getdikcə daha da radikallaşır. Amma rejim də əmindir ki, edəcəyi istənilən güzəşt zəiflik əlaməti kimi qəbul ediləcək və nümayişlərin radikallaşmasını artıracaq.
Suriya ssenarisi də rejimin diqqətindədir - radikal islamçıları silahlandırmaq, onları cəmiyyət üçün təhlükə kimi təqdim etmək və hərəkətlərini süni şəkildə şişirtmək. Kommunikasiya doktrinası səviyyəsinə qoyulan dövlət yalanları İranın rəsmi televiziya və mətbuatında hakim elementə çevrilib.
İnternetin kəsilməsi, rəsmi mətbuatda tam senzura, həbs edilmiş və guya “tövbə edən” şəxslərdən işgəncə altında götürülən “etiraf şouları”, eləcə də nümayişlərin ABŞ, İsrail və daha çox qlobal miqyasda əcnəbilərin hiylələri ilə əlaqələndirilməsi indi adi haldır. Bir sözlə, artıq dialoq və barışıq yolları bağlanıb və rejimin təzyiqi quyruğunu dişləyən ilan kimi özünə qarşı çevrilir.