Naftalan hava limanı və Suqovuşan marşrutu barədə Agentlikdən açıqlama
Media nümayəndələrinin iştirakı ilə Naftalanda elmi-praktiki konfrans keçirilib.
Qazet.az xəbər verir ki, konfransdan sonra Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov jurnalistlərin suallarını cavablandırıb:
"Bu gün Naftalanda keçirilən elmi-praktik konfrans təkcə Naftalan üçün yox, eyni zamanda Azərbaycanda səhiyyə turizmi ilə bağlı platforma kimi vacib məsələdir. Naftalan şəhəri müalicə turizmi müasir və güclü infrastruktura malikdir. Gələcəkdə digər bölgələrdə də bunlar olacaq. Elə bir bölgə yoxdur ki, orada mineral, termal su mənbələri, təbii müalicəvi ehtiyatlarımız olmasın. Naftalanın timsalında, digər regionlarda, eləcə də azad edilmiş ərazilərdə termal şəhərlərin, "spa şəhərlərin" əsasının qoyulması baxımından Naftalan bizim üçün çox ciddi bir təcrübədir. Bununla belə, Naftalan neftinin inkişaf etdirilməsi, xidmət səviyyəsinin artırılması, gələcəkdə Suqovuşan turizm mərkəzi fəaliyyətə başladıqdan sonra Naftalanla Suqovuşan arasında turizm marşrutlarının formalaşması, ətraf rayonlarda yaşayan insanların həm Naftalan, həm də Suqovuşanda turizm fəaliyyətini həyata keçirməsi imkanı yaradacaq. Turizm Agentliyi olaraq əsas planlarımız bu istiqamətdədir.
Naftalan hava limanı ilə bağlı məsələyə şöbə müdiri aydınlıq gətirib:
"Bu daha çox nəqliyyat logistika məsələsidir. Turizm Agentliyi olaraq əsas vəzifəmiz bütün turizm mərkəzlərinə əlçatanlıq təmin edilməsidir. Sözsüz ki, mövqeyimiz Naftalan, Suqovuşan, Tərtər istiqamətində marşrutun həyata keçirilməsi üçün bütün imkanlar nəzərdən keçirilsin.
Suqovuşanda istirahət parkının təməli bu ilin əvvəlində qoyulub. İlkin plana görə, bu ilin sonunda infrastruktur işləri yekunlaşdırılacaq. Bu fazalarla görülən işdir. Əsasən su anbarının ətrafının infrastrukturun qurulması nəzərdə tutulur".