Bakı 18˚C Mostly cloudy

“Batalyon döyüşə getməkdən imtina etdi” - Erməni komandir Şuşa döyüşləri haqda

Gündəm 17:53 03 noy, 2021

Bu barədə Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən polkovnik Qriqori Saakyan öz müsahibəsində bildirib

“Batalyon döyüşə getməkdən imtina etdi” - <span style="color:red">Erməni komandir Şuşa döyüşləri haqda</span>

Ermənistanda II Qarabağ Müharibəsində alınan sarsıdıcı məğlubiyyətlə bağlı ictimai müzakirələr və qarşılıqlı ittihamlar davam edir. Xüsusilə, Hadrut və Şuşa məğlubiyyətlərinə görə hərbi və siyasi xadimlərin bir-birinə ünvanladığı ittihamlar daha kəskin səslənir.

Qazet.az xəbər verir ki, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən polkovnik Qriqori Saakyanın Hetq.am saytına verdiyi müsahibə erməni cəmiyyətində böyük rezonans doğurub. Belə ki, ehtiyatda olan polkovnik baş tutmamış “Sığnaq əməliyyat”ı barədə danışıb.

Qriqori Saakyan həmin əməliyyatın koordinatoru olub. Polkovnik əməliyyat planına görə, 2020-ci il noyabrın 6-sı gecə saat 02:00-da  Xocalının Sığnaq kəndində hücum təşkil edərək Azərbaycan Ordusunun Şuşa istiqamətində yerləşən qüvvələrinin mühasirəyə alınması planlaşdırılırdı.

“Əməliyyata 3 batalyonun cəlb olunması planlaşdırılırdı. Onlardan 2-si Ermənistandan, 1- i isə Qarabağ ermənilərindən ibarət batalyonlar idi. Amma razılaşdırılmış vaxtda əməliyyat yerinə yalnız 1 batalyon gəldi”, - deyə Saakyan söyləyib.

O, digər batalyonların komandirləri ilə əlaqə saxladığını, onların şəxsi heyətin ağır mənəvi-psixoloji durumda olması səbəbindən döyüşə girmədiklərini söylədiyini xatırlayıb.

“Batalyonlardan birini Xankəndinin 5 kilometrliyində qarşıladım. Batalyonun komandiri, polkovnik-leytenant atəş altında qaldıqlarını, döyüşçülərin mənəvi-psixoloji vəziyyətinin aşağı olduğunu və onlarla ideloji iş aparılmalı olduğunun dedi. Hərbçilər döyüşə getməkdən imtina edirdi. Bu barədə Samvel Babayana, o isə Arayik Arutunyana məruzə etdi. Paralel olaraq, yerli ermənilərdən ibarət Vəngli batalyonunun qərargahı və rəhbər heyəti dəyişdiyi üçün onlar əməliyyata cəlb olunmadı. Samvel Babayanla birgə əməliyyatın ləğv edilməsi barədə qərar verdik. Çünki artıq Şuşa alınmışdı və əməliyyatın keçirilmə məqamını əldən buraxmışdıq”, - deyə polkovnik Qriqori Saakyan açıqlama verib.

“Sığnaq əməliyyatı”nın baş tutmamasına görə Ermənistan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. Faktla bağlı Qriqori Saakyan da şahid qismində ifadə verib.

Xatırladaq ki, Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərini tam nəzarətə almışdı. Şuşa zəfərindən dərhal sonra Ermənistan kapitulasiya aktını imzalayaraq təsilm oldu.