Bakı 7˚C Sunny

Bayramda bu şəxslər QURBAN KƏSMƏLİDİRLƏR - Din xadimindən AÇIQLAMA

Cəmiyyət 12:47 06 iyl, 2022

Din xadimi bu bayramda kimlər üçün qurban kəsməyin vacib olduğunu açıqlayıb

Bayramda bu şəxslər QURBAN KƏSMƏLİDİRLƏR - Din xadimindən AÇIQLAMA

"Qurban kəsməyin mahiyyətində bir paylaşma - insanlara yardım göstərmək var".

Bu fikirləri mediaya açıqlamasında din xadimi Hacı Şahin Həsənli bildirib. Din xadimi bu bayramda kimlər üçün qurban kəsməyin vacib olduğunu açıqlayıb:

"Əvvəla qeyd edim ki, qurban Həcc ayinlərindən biridir. Həcc ziyarətində olanlar Mina çölündə qurban kəsirlər. Kim qurban kəsməsə, onun Həcc ziyarəti nöqsanlı olacaq. Amma Həccdə olmayanlar üçün Qurban bayramı günü qurban kəsmək dini baxımdan vacib deyil. Hər bir halda qurban kəsmək bəyənilən əməldir. Çünki qurban kəsməyin mahiyyətində bir paylaşma - insanlara yardım göstərmək var. Dinimiz də yardımsevərliyi dəstəkləyir".

Hacı Şahin bildirib ki, qurban kəsilən zaman onun hansı qaydada bölüşdürülməsi ilə bağlı konkret qayda yoxdur:

"Əslində, qurban payı insanın ehtiyacını ödəyəcək qədər ayrılmalıdır. Qurban kəsilən zaman heyvanın sağlam olması şərtdir, nöqsanlı olmamalıdır. Yaşı 1 yaşdan yuxarı olsa, daha yaxşı olar. Qurban bayramında mütləq qoyun kəsmək vacib deyil. Qurban hökmlərində qeyd olunur ki, dəvə əti də kəsilə bilər. Ümumiyyətlə, insanlar gücləri çatan qədər qurban kəsə bilərlər. Hətta bir neçə nəfər toplaşıb qurban kəsə bilər. Bunlar Həcc ziyarətində olmayanlara aiddir. Ona görə də burada xüsusi bir qayda yoxdur".

Hacı Şahin Həsənlinin sözlərinə görə, imkanı çatan şəxslər qurban kəsə bilər:

"Qurban kəsmək imkanı çatanlar üçündür, əks halda bu, məcburi deyil. Qurban daha çox ehtiyacı olan insanlar arasında paylanmalıdır, əgər ətrafında elə insanlar yoxdursa, digər insanlara da paylana bilər.

Onu da qeyd edim ki, qurbanın mənəvi sirri və ictimai əhəmiyyəti var. Mənəvi əhəmiyyət odur ki, insanın öz nəfsani istəklərindən haqq yolunda keçməsi anlamını ifadə edir. Yəni rəmzi mənada qurban kəsmək daxildə olan nəfsi haqqa qurban gətirməkdir. Öz istəklərindən ilahi eşqə görə keçməyi simvolizə edir, fədakarlığın rəmzidir. İctimai əhəmiyyətinə gəlincə, İslam dini bütün bayramlarda insanları unutmamağı tövsiyə edir. Bu bayram da həmçinin xeyriyəçilik, yardımsevərliyi müsəlmanlara, insanlara təlqin edən dini ayin hesab olunur".

qaynaq