BDU-nun beynəlxalq əlaqələri genişlənir
Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əlaqələri genişlənir.
BDU-dan Qazet.az-a bildirilib ki, Strateji İnkişaf Planında (2021-2030-cu illər) qarşıya qoyulmuş əsas məqsədlərdən biri ölkədə lider universitet mövqeyini qoruyub saxlamaqla yanaşı, regionda elm-təhsil üçün dünya səviyyəli bir platformaya çevrilməkdir. Elm və təhsil sahəsində beynəlmiləlləşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr universitetlərin inkişafının və beynəlxalq imicinin əsas göstəricilərindən hesab olunur. Bu baxımdan BDU-da beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın tanınmış aparıcı elm və təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Çilinin Bernardo O'Higgins Universiteti, Belarus Dövlət Universiteti və digər universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanıb. Bu il BDU, həmçinin Almaniyanın Berlin Humboldt, Çexiyanın Karlova, Rumıniyanın Babes-Bolyai universitetləri ilə Erasmus mübadilə protokolu imzalayıb. Bütün bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
BDU nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün proritetlərindən hesab edir və bu istiqamətdə səylərini günbəgün artırır. Bu ilin fevral ayında BDU 17 milyon tələbənin təhsil aldığı, 47 ölkənin 800-dən çox universitetinin birləşdiyi Avropa Universitetləri Assosiasiyasının tamhüquqlu üzvü qəbul edilib və Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub. BDU-nun rektoru Elçin Babayev 2022-ci ilin sentyabr ayında Avropa Universitetlər Assosiasiyasının (EUA) nəzdində fəaliyyət göstərən Tədqiqat və İnnovasiya Strategiyası Qrupuna (RISG) üzv qəbul edilib. RISG-də Avropanın Sarbonna Universiteti (Fransa), Leuven Katolik Universiteti (Belçika), Tilburg Universiteti (Niderland), Oslo Universiteti (Norveç), Lodz Universiteti (Polşa) və digər ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən İsveçrənin Ali Təhsil İnstitutları Assosiasiyasının sədri üzv kimi fəaliyyət göstərir. BDU Azərbaycandan RİSG-də təmsil olunan yeganə qurumdur.
Bu il BDU daha bir beynəlxalq quruma – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul edilib. FUIW-ə üzvlük BDU-nun akademik və inzibati imkanlarının genişlənməsinə, elmi tədqiqatların inkişafına və təcrübə mübadiləsinin reallaşmasına şərait yaradacaq. Bu sahəyə yönəlmiş proqram və layihələrin həyata keçirilməsi isə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təşviq edilməsi istiqamətində mühüm rol oynayacaq. 1987-ci ildə Mərakeşin Rabat şəhərində əsası qoyulmuş İslam Dünyası Universitetləri Federasiyasının əsas məqsədi bütün sahələrdə elmi tədqiqatların səviyyəsini yüksəltmək, təhsil, elm, mədəniyyət və texnologiya sahələrində təcrübə mübadiləsini artırmaq, islam ölkələrində elmi və texnoloji inkişafdan faydalanmaq üçün ali təhsilin təkmilləşdirilməsi və inkişafına yardım etməkdir.
2022-ci ildən universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrası fəaliyyətə başlayıb. Bu, ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və akademik ictimaiyyət arasında əlaqələri, təhsil-elm-sənaye üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların tətbiqi ilə bağlı tədqiqatlara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata kliniki transferinin məqsədyönlü şəkildə asan həyata keçirilməsinə şərait yaradılacaq. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə nail olunacaq. Kafedra biotibbi materiallar üzərində tədqiqat işlərin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına yardım göstərəcək.
Hazırda BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 10 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir.
BDU beynəlxalq reytinqlərdə mövqeyini də möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq “Times Higher Education” beynəlxalq reytinqinə daxil edilib.
Hazırda BDU-da dünyanın 34 ölkəsindən 400-dən artıq əcnəbi tələbə təhsil alır.