Bəşər Əsədin müşaviri: “ABŞ-ın Suriyadakı mövcudluğu işğal xarakteri daşıyır və müqavimətlə qarşılaşacaq”
Bəsinə Şaban: “İnsanın malik olduğu ən mühüm haqq öz ölkəsindəki azadlığıdır”
Suriya prezidenti Bəşər Əsədin xüsusi müşaviri Bəsinə Şaban Amerikanın Suriyadakı fəaliyyəti barədə danışıb.
Qazet.az ərəb mətbuatına istinadən bu barədə xəbər verir. Suriya prezidentinin xüsusi müşaviri deyib ki, “ABŞ Suriyanın maraqlarını pozmağa çalışır və buna görə də bu ölkədə terrorizmi dəstəkləyir”.
Suriya prezidentinin xüsusi müşaviri Bəsinə Şaban ABŞ-ın Suriyada terroru dəstəkləmək və Suriya xalqına məxsus sərvətləri talamaq üçün mövcud olduğunu bildirib.
O deyib ki, “ABŞ-ın “Sezar Aktı” kimi tanınan embarqo ABŞ tərəfindən açıq şəkildə insan haqlarının pozulmasıdır, Suriya xalqının iqtisadi və həyat şəraitinə ciddi zərər verəcək”.
Suriyanın rəsmi xəbər agentliyi (SANA) Şabana istinadən ABŞ-ın Suriyanın şimalında terrora qarşı mübarizə aparmaq üçün deyil, onu dəstəkləmək üçün mövcud olduğunu və Suriyanın ABŞ-ın öz xalqına qarşı cinayətlərini pislədiyini bildirib.
“Suriya ABŞ tərəfindən öz resurslarının talan edilməsini pisləyir” deyə xanım müşavir açıqlayıb.
Əsədin müşaviri sual edib ki, əgər ABŞ Çin müsəlmanlarının hüquqlarını müdafiə etdiyini iddia edirsə, o zaman niyə, əsasən, müsəlman olan Suriya xalqına qarşı iqtisadi terrordan istifadə edir?
“İnkişaf etməkdə olan ölkələrin əsas problemi xalqların sərvətlərini talayan imperialist ölkələrin onların siyasi və iqtisadi işlərinə xaricdən müdaxiləsidir” - deyə Şaban bildirib.