Bakı 25˚C Windy

"Bəy tərifi etmək iş deyil" - Xalq artisti yaltaqlara səsləndi

Eksklüziv 18:40 29 okt, 2021

“Prezident rayonlara gedəndə, bir-iki yaltağı qabağa verirlər, axı bu, iş görmək deyil”

"Bəy tərifi etmək iş deyil" - <span style="color:red">Xalq artisti yaltaqlara səsləndi</span>

Yağışdan sonra göbələklər bitər.

Azərbaycanın Vətən müharibəsindən sonra bəzi oyunbazlar qələbəmizə kölgə salmaq və bu tarixdən özlərinə xal qazanmaq istəyirlər.

Televiziyalarda şəhidlərin, qazilərin və döyüşçülərin adlarından və simalarından istifadə edərək “vətənpərvərlik” edənlərin sayı artmağa başlayıb. Hər gün eyni adamlar eyni verlişlərdə ağız dolusu və pafosla böyük qələbəmizi dırnaqarası mədh edirlər. Lakin onların məqsədi heç də xalqın uğurunu işıqlandırmaq deyil, öz ciblərini doldurmaqdır.

Azərbaycanın Xalq artisti hər kəsin Şeyx Əbdül kimi tanıdığı Əbdül Mahmudov Qazet.az-a danışaraq öz mövqeyini göstərib ortada gəzənlərə meydan oxudu.

“Şəhidlik bizə Qurani-Kərimdən gəlib, çünki o zamana qədər belə bir anlayış yox idi. Bu xalq, vətən və Allah arasında olan müqəddəs dəyərdir. Bunun adı ilə al-ver etmək nə deməkdir. Özü də elə adamlar ki, heç gedib döyüşdə iştirak etməyib, burnu da qanamayıb. Şəhid ailələri qalıb bir tərəfdə, bunlar səhərdən axşama kimi özlərini reklam etməklə məşğuldurlar. Şəxsən mən istəyirəm ki, aidiyyatı qurumlar bu işə qarışsın, bu kimi adamlar canını verən şəhidlərimizin adı ilə al-ver etməsinlər”.

Əbdül Mahmudov
Xalq artisti

 

Bayağı, mənasız şeirlər və mahnılardan xalqın cana gəldiyini bildirən Xalq artisti televiziyalarda əttökənlik edənləri ifşa edib: “Səsi olan da, olmayan da xaric səslə şeiriyyatı iyrənc vəziyyətə salmaq yoluyla, “vətənpərvərlik ruhu”nda mahnılar oxuyurlar. Bir nəfər bunlara qadağa qoysun. Əvvəlcə, onların səsi xaricdi, axı hərbi vətənpərvərlik ruhunda poeziya böyük bir çağırışdır və bunun arxasında böyük ustad şairlərimiz, müəlliflərimiz dayanır, dövlət tərəfindən rəsmi təsdiq olunur. Onlar da ağızlarına gələni oxuyurlar. O gün qulaq asıram, ağlamaq məni tutmuşdu: bir qadın xaric səslə qışqırır, özünü öldürür ki, bəs mənə də fikir verin, mənə də təqaüd verin. Bu cür şeirlər bədii şuralar tərəfindən təsdiq olunur  və bariton səs üçün yazılır. Bu tarixi boyu belə olub, marşlar zərb alətləri ilə ifa edilirdi və bas səslə xor ifa edirdi, hərbçiləri hücuma çağırırdılar. İndi hamı qışqırır, guya bunlar vətənpərvər olublar”.

Şeyx Əbdül qazilərin və şəhidlərin adı ilə özünə reytinq toplayan insanlara da səslənməyi unutmayıb: “Bəsdirin, əgər şəhid olmaq qazi olmaq belə yaxşıdırsa, onda siz də gedin olun ya da balalarınız olsun. Döşünə döyən, amma xaricdə villalara sahib olanlar ki, ağızları köpüklənə-köpüklənə qazilikdən danışırlar gedib özləri də olsun. Buradan cənab Prezidentə müraciət edirəm ki, komissiya yaradılsın və belə murdar adamları nəzarətə götürsünlər”.

Hal-hazırda özünə sənətkar və müğənni deyən şəxslərin musiqi savadı yoxdur. Bu onların ifalarında da özünü büruzə verir. Xalq artisti bu haqsızlığı dilə gətirərək onların musiqidən imtahan verməli olduğunu bildirib.

“Mən anlamıram, bu Tibb Universiteti aparıcı, müğənni yetişdirir ya həkim. Hansını soruşursan deyir ki, tibbi oxumuşam, bəs hanı bu İncəsənət Universitetindən məzun olan tələbələr. Bunlar iki saat efiri məşğul edirlər və ancaq çiyinlərini, bellərini, dar geyimlərini reklam edirlər. Axı buraya bütün xalq baxır, ayıbdır. Eyni adamlar, eyni televiziyalar düşüblər ortalığa, bəsdirin, axı nə qədər olar. Alim Qasımov, Mənsum İbrahimov kimi normal oxuyanları televiziyada görəndə adam sevinir”.

Maraqlısı ondadır ki, bir çox sənətdən anlayışı belə olmayan insanlar indi ad sahibi və mükafatçıya çevrilib. Şeyx Əbdul “Xalq artisti” kimi adların verilməsinin xalqın müzakirəsinə çıxarılmağını tələb edir: “Bu ad verilənlərin 90%-i falsetdir, notu bilmirlər. Dj-in fonunda nə gəldi oxuyurlar, axı bu sənət deyil. Televiziyalarımızın səsləndirilməsi eybəcər gündədi, aparıcıları da ondan betər”.

Sənətdən savayı elmimizin də böhran içində olduğunu qeyd edən Xalq artisti ermənilərin iddialarına alimlərin susqunluğunu anlaya bilmədiyini söyləyib.

“Dövlət başçısı həm siyasi, həm də ideoloji sahədə böyük işlər görür. Lakin o təkdir. Bəs bizim alimlərimiz haradadır? Ermənilər Qarabağ coğrafi adından əllərini üzəndə, həmin adı izah edə bilməyəndə Ərsak adından “Artsax” qondarma sözünü yaratdılar. İndi ermənilər, milyardlar xərcləyirlər və bizimlə dava edirlər ki, bəs guya Qarabağ Ərsak imiş. Bunlar haydırlar, bunalara niyə Ermənistan deyirik. Ay televiziyalar, politoloqlar Ermənistan dövləti var, ya erməni xalqı? Yoxdur belə bir şey. Ermənistan Silahlı Qüvvələri ordan burdan yığılmış bandit dəstəsidir. Hanı bəs akademiklər,nə ilə məşğuldurlar?. Hanı bizim Dil Ədəbiyyat, Etnoqrafiya, Folklor institutlarımız. Ərsak sözü, sak türklərinin adı ilə bağlıdır. Türk tayfaları arasında ən vuruşqanı saklardır. Niyə bunu bütün dünyaya izah etmirsiniz?”.

Prezidentin sözlərini müzakirə və təkrar edən deputatlar və politoloqları qınayan Şeyx Əbdül əsas fikrin digər məsələlərə yönləndirilməli olduğunu qeyd edib: “Ərsak məsələsi ilə bağlı böyük elmi simpoziumlar keçirilməlidir. Bütün dünyada olan fakt ortaya qoyulmalıdır ki, ermənilərin əlini bundan üzək və ideoloji cəbhədə də qalib gələk. Ermənilər bir də bu məsələni dillərinə gətirməsinlər”.

Dövlət başçısına yaltaqlıq edənlərin də sayı günü-gündən artır. Onlar nəinki onun adına dastlanlar yazmaq, hətta əlini öpməkdən də yayınmırlar. Xalq artisti yaltaqlığı özünə peşə edənlərə üzünü tutaraq onlara konkret iş və əmək göstərməli olduğunu xatırladıb.

“Həzrət Peyğəmbərimiz deyib ki, dünyada insanlıq üçün ən pis hal fahişəlikdir, ondan da pisi yalan danışmaqdır. Bu gün Prezidenti meydanda tək qoymaq lazım deyil. Bu gün o meydanda təklənib. Rayonlara səfər edəndə bir iki yaltağı qabağa verirlər, onlar da bəy tərifi edirlər. Axı iş görmək bu deyil. Bu boyda qələbə və uğur onların çıxıb bəy tərifi eləməyi ilə deyil. Bunun nə mənası var? Prezident konkret iş görür, əməyi də qarşıda, siz də iş görün”, deyə Şeyx Əbdül fikrini tamamlayıb.

 

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.