Biləsuvarda Vətən müharibəsinin 11 şəhidinin adı küçə və məktəblərə verilib - SİYAHI
Vətən müharibəsində göstərdikləri igidlik, şücaət və qəhrəmanlıqları ilə tarix yazan şəhidlərin xatirəsi hər zaman böyük ehtiramla yad olunur. Şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq, onların adına bulaqlar açılır, abidələr ucaldılır. Eyni zamanda, onların adı məktəblərə, küçələrə verilir və beləliklə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların adları əbədiləşdirilir.
Qazet.az Vətən müharibəsindən sonra Biləsuvar rayonunda şəhid adı verilən məktəb və küçələrin sayı ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, İkinci Qarabağ müharibəsindən sonra rayon ərazisində ümumilikdə 11 şəhidin adı əbədiləşdirilib. Onlardan da üçü məhz Vətən Müharibəsi Qəhrəmanıdır. Belə ki, yerli icra hakimiyyəti orqanından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə 3 şəhidin adı təhsil müəssisəsinə, 8 şəhidin adı isə küçələrə verilib.
Belə ki, Biləsuvar rayon Uşaq-Gənclər idman şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun, Biləsuvar şəhər Uşaq incəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun, Biləsuvar rayon Xırmandalı kənd uşaq incəsənət məktəbinə isə Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin adı verilib.
Bundan əlavə, rayonun Zəhmətabad kəndində əvvəlki Q.Qarayev küçəsinə şəhid Elməddin Əlizadənin, Ağalıkənd kəndində əvvəlki Q.Zakir küçəsinə şəhid Ziyyədin Xanalıyevin, Təzəkənd kəndində adsız olan küçəyə şəhid Elməddin Əhmədlinin, Zəhmətabad kəndində əvvəlki M.Müşfiq küçəsinə şəhid Nicat Qasımzadənin, Zəhmətabad kəndində əvvəlki S.Vurğun küçəsinə şəhid Elçin Tağıyevin, Aşağı Cürəli kəndində əvvəlki H.Aslanov küçəsinə şəhid Xalid Gözəlovun, Nəsimi kəndində əvvəlki B.Vahabzadə küçəsinə şəhid Saleh Məcidzadənin və Bağbanlar kəndində əvvəlki S.Vurğun küçəsinə isə şəhid Məhəmməd Əmənovun adları verilib.
Məlumatda həmçinin qeyd edilib ki, həmin küçələrdə mütəmadi olaraq bərpa işləri aparılır.
Qaynaq