"Biz sülh sazişinə qol çəkməyincə müharibə davam edir" - Tofiq Zülfüqarov
Təbii ki, Azərbaycan indi siyasi və diplomatik mübarizəni aparır ki, həll olunmayan məsələlərin həllini təmin etsin
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 10-cu gündür.
Azərbaycanın keçmiş XİN başçısı Tofiq Zülfüqarov Vətən müharibəsi və onun siyasi qiyməti ilə bağlı Qazet.az-a müsahibə verib.
Vətən müharibəsi dövrünü necə xatırlayırısnız?
Bu tarix ictimaiyyət tərəfindən Vətən müharibəsi kimi adlandırılır və mən də bununla razıyam. Çünki bu dövr ərzində Azərbaycanın didərgin düşmüş insanlarının əksriyyətinə öz evlərinə geri qayıtmaq imkanı yarandı. Əslinə qalsa, müharibə sentyabrın 27-də başlamayıb, çünki bu müharibə heç də dayanmayıb. Bu, 1988-ci illərdən başlayıb. Amma müharibənin yüksək intensivliyə çatdığı bu dövr bizim tariximizdə ən şanlı dövr kimi qalacaq. Azərbaycan dövləti və xalqı beynəlxalq səviyyədə tanınmış hüquqların müdafiə edərək işğalçı qüvvələri lazımı hərbi əməliyatlara başlayaraq öz ərazilərindən qovdu
İkinci Qarabağ müharibəsini siyasi cəhətdən necə qiymətləndirirsiniz?
Münaqişəni çox zaman Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi kimi bölürlər. İlk olaraq, qeyd etmək istəyirəm ki, münaqişə 1988-ci ildə başlayıb. Sonra bu münaqişə müharibə kimi təzahür edib. Bu müharibə bəzi dövrlərdə yüksək intensivliyə və hərbi əməliyyatların fəallığına malik olub. Misal üçün, 1994-2020-ci illərdə bu intensivlik aşağı olub. Lakin 2020-ci ildə bu, yüksək olub və nəticələr əldə etmişik. İndi də müharibə davam edir. Biz sülh sazişinə qol çəkməyincə müharibə davam edir. Çünki müharibənin üslubları sadəcə atəş açmaq deyil. Burada yolları bağlayaraq blokadalar ola bilər, Naxçıvan hələ də blokadadır və s. Biz bu məsələdə gərək beynəlxalq təcrübəni əsas götürərək lazımı qiymət verək, ən azından hüquqi baxımdan.
Tofiq müəllim, sizinlə razıyıq ki münaqişə hələ də bitməyib. Belə isə münaqişənin hərbi fazası bitib deyə bilərikmi? Yəni münaqişə diplomatik sahəyə keçib və Azərbaycan bu sahədə nələr etməlidir?
Mən sizinlə razıyam: hərbi dövrün bir hissəsi bitib. Amma hərbi əməliyyatların müxtəlif növləri var. Mina müharibəsi də hərbi əməliyyatların bir növüdür. Ermənistan mina xəritələrini gizlətməklə əslində müharibəni davam etdirir. Öz öhdəliklərini kobud şəkildə pozur və bu, bizə qarşı hərbi əməliyyatlardır. İkinci olaraq, Naxçıvanın blokadada qalması da bir növ hərbi əməliyyatlardır. Biz görürük ki, burada hələ bəzi məsələlər öz həllini tapmayıb. Amma bu məsələlərin həlli hərbi əməliyyatlar deyil, siyasi və diplomatik aktivlik fonunda özünü göstərir. Azərbaycan isə haqlı şəkildə bu məsələləri həll etməkdədir.
Azərbaycan politoloqlarının Qarabağ münaqişəsi və sülh məsələləri ilə bağlı fikirlərini bəyənirsinizmi? Ümumiyyətlə, biz nəyi müzakirə etməliyik?
Bilirsiniz, bəzilərini bəyənirəm, bəzilərini yox. Amma mən istəyərdim ki,biz emosional qiymətlərdən uzaq olaq. Politoloqların bir qismi emosional təhlilə üstünlük verir. Onların təhlilləri daha çox elmi təhlillər deyil, emosional siyasi təhlillərdir. Amma baxın görün, bu dövrlərin qiymətini verəndə də, cəmiyyətimizdə müxtəlif fikirlər səslənir, hansısa emosional şərhlər hətta toqquşmalar var. Mən hesab edirəm ki, beynəlxalq hüquqa uyğun olan qiymətlər verilməlidir. Bunlar siyasi deyil, hüquq əsasında verilməlidir və ictimaiyyətə çatdırılmalıdır. Belə olanda siyasi spekulyasiyalara yer qalmır. Qiymətlənirmə məsələsinə gəldikdə, Azərbaycan İkinci Qarabağ müharibəsi adlandırılan dövrdə böyük bir zəfərə nail olub, hərbi təcavüzə son qoyulub, etnik təmizləmələrə məruz qalan insanların 97%-nə evlərinə qayıtmaq şansı yaranıb. Bu baxımdan, bu, böyük zəfərdir. Həll olunmamış mövzular da qalıb. Təbii ki, Azərbaycan indi siyasi və diplomatik mübarizəni aparır ki, həll olunmayan məsələlərin həllini təmin etsin. Mənim indiki dövrə qiymətim bundan ibarətdir.
Regionda yeni geosiyasi reallıqlar yaranıb. Üçüncü dövlətlər öz maraqlarını tətbiq etməyə çalışır. Belə bir vəziyyətdə Azərbaycan öz milli maraqlarını necə təmin etməlidir?
Axırıncı müharibənin nəticələrindən ən vacibi geopolitik dəyişiklikdir. Daha doğrusu, müharibə zamanında tam şəkildə formalaşmış Azərbaycan-Türkiyə tandemi yaranıb və geosiyasi baxımdan öz gücünü nümayiş etdirib. Nəticədə tərəfdaşlıq, hətta hərbi müttəfiqlik nümayiş eliyən bu iki ölkə regionda ən böyük nüfuza malik olan geosiyasi gücə çevrilib. Bu baxımdan, indiki mərhələdə geosiyasi dəyişiklərin təmin olunması Azərbaycanın xeyrinə Türkiyə və Azərbaycan tandemi ən böyük rol oynayacaq.
Əhmədli Ülvi