Bakı 9˚C Cloudy

Blogerlər Şuşada

Multimedia 17:49 26 sen, 2022
Blogerlər Şuşada

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının tərəfdaşlığı və sosial media ekspertlərinin, blogerlərin, aktivistlərin və ictimai fəalların iştirakı ilə Şuşaya səfər təşkil olunub.

Qazet.az xəbər verir ki, səfərin birinci günündə iştirakçılar tərəfindən Şuşa şəhərinin şimal qərb hissəsindəki tarixi mədəniyyət abidələri ziyarət olunub, “Google Maps” və “Yandex Maps” üzərindən 26 tarixi mədəniyyət abidəsinə, küçələrə, məhəllələrə dair şəkillərin paylaşımları edilib.

Qruplar şəklində Bülbülün ev muzeyi, Şuşa Həbsxanası, Xan Şuşinskinin evi, Şuşa Xan Sarayı, Xan qızı Natəvanın sarayı, Hacı Qulu Ələsgərovun yaşayış evi, Şuşanın qədim məzarlığı və digər tarixi yerlər ziyarət olunub. Günün sonunda iştirakçılardan bir qrupunun iştirakı ilə seminar təşkil edilib. Seminarda növbəti gün görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Səfərin ikinci günü ictimai fəallar və blogerlərdən ibarət ikinci qrup tərəfindən Şuşa qalası, Üzeyir Hacıbəylinin ev muzeyinin qalıqları, Cıdır düzü, Seyidli məhəlləsi, Seyidli məscidi, Vaqif türbəsi, Məşədi Qaranın evi, İsa bulağı, Mir Faseh qəbiristanlığı, Şuşa Şəhidlər xiyabanı və digər abidələr ziyarət edilib. Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərimizin əziz xatirəsi anılıb. İkinci qrup isə Mərdinli, Çölqala, Ağadədəli, Köçərli, Qaçançalı məhəllələrindəki abidələr və İsa bulağını ziyarət edib, ikinci gün ümumilikdə 53 abidə ziyarət olunub.

İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov layihə çərçivəsində ümumilikdə 79-dan çox yerin - məhəllələrin, tarixi, mədəni və dini abidələrin “Google Maps” və “Yandex Maps” üzərindən əlavə edildiyini vurğulayıb, bu rəqəmin 134-ə çatdırılacağını qeyd edib.

Daha sonra çıxış edən “Google Maps” üzrə ekspert Elvin Hüseynzadə “Google” xəritələr üzərində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.