BMT: “Gərginlik Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”
“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”.
Qazet.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.
“Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.
M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.
Baş katibin köməkçisi xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub: “Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.
“Sərhəddəki hazırkı gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək vacibdir. Bu istiqamətdə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, - deyə o vurğulayıb.
M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb.