Bakı 18˚C Mostly sunny

BMT-nin Əhali Fondu: “Demoqrafik dəyişiklik böhran deyil”

Cəmiyyət 14:54 29 noy, 2021

"Ancaq bu dəyişiklikləri şərtləndirən əsas amillərə əslində başqa yöndən də baxmaq mümkündür"

BMT-nin Əhali Fondu: “Demoqrafik dəyişiklik böhran deyil”

"Avropa ciddi nəticələri olan demoqrafik keçidin ortasındadır. İnsanlar daha az uşaq sahibi olur və daha uzun və sağlam həyat yaşayırlar. Bir çoxları isə daha yaxşı imkanlar axtarışında bir yerdən digərinə hərəkətdədirlər".

Qazet.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Alanna Armitajın məqaləsində bildirilib.

Qeyd olunub ki, Avropa əhalisi sürətlə yaşlanır: "Artıq bu gün hər 4 avropalıdan birinin yaşı 60 və daha yuxarıdır. 2050-ci ilə qədər qitə əhalisinin üçdə birindən çoxu bu yaş qrupunda olacaq. Bəzi ölkələrin əhalisi isə azalmağa başlayıb. Bu, əsasən, doğuş nisbətlərinin xüsusilə aşağı olduğu, bir çox insanın başqa yerlərdə işləmək üçün ölkələrini tərk etdiyi və hökumətlərin immiqrantları cəlb edə bilmədiyi və ya istəmədiyi Mərkəzi və Şərqi Avropada baş verir. Bu demoqrafik dəyişikliklər çox vaxt böhran kimi təsvir olunur. Ancaq bu dəyişiklikləri şərtləndirən əsas amillərə əslində başqa yöndən də baxmaq mümkündür".

Qurum rəsmisi bildirib ki, ölkələrin əhalisi yaşlanır, çünki insanlar daha sağlam və daha uzun yaşayırlar: "Doğuş nisbətləri daha aşağıdır - bu həm də o səbəbdəndir ki, qadınlar daha çox sözə, daha çox seçimə və imkana malikdirlər. Bəzi yerlərdə əhalinin sayı azalması da insanların harada yaşamaq və işləmək istədiklərini seçməklə bağlı daha çox azadlığa malik olmasından qaynaqlanır. Bununla belə, demoqrafik dəyişikliyin təsirləri ilə məşğul olmaq asan deyil. Getdikcə daha da azalan əmək qabiliyyətli insanların hesabına getdikcə artan yaşlı insanların güzəranı təmin edilməlidir. Bu səbəbdən, sosial sistemlər böyük təzyiq altındadır. Həmçinin daha seyrək məskunlaşmış kənd yerlərində infrastruktur və xidmətlərin saxlanması da bir qayda olaraq baha başa gəlir".

"Sadalananlar ekzistensial təhlükələr deyil, həllini tələb edən çağırışlardır. Yaxşı xəbər isə odur ki, demoqrafik dəyişikliyin təsirlərinin aradan qaldırılmasında nəyin işlədiyinə və nəyin işləmədiyinə dair artan konsensus var. Əsas diqqət, xüsusən də Şərqi Avropada, doğum əmsalının artırılmasına yönəldilib və hökumətlər insanları daha çox uşaq sahibi olmağa həvəsləndirmək üçün onlara maddi güzəşt imkanları yaratmağa çalışıblar. Əlimizdə olan dəlillər bunun çox yaxşı nəticə vermədiyini göstərir: doğum nisbətləri müvəqqəti olaraq arta bilər, lakin ümumiyyətlə qadınların həyatları boyu sahib olduğu uşaqların sayı demək olar ki dəyişmir. Hətta doğuş nisbətlərinin artdığı yerlərdə belə müsbət dəyişikliklər böyük deyil və Avropanın heç bir ölkəsi, hətta ÜDM-nin ən böyük hissəsini ailə dəstək proqramlarına yatıran ölkələr belə əhali dinamikasının nəinki yüksəlməsini, hətta stabilliyini təmin edəcək dərəcəyə belə yaxınlaşmayıb.

Lakin bu o demək deyil ki, ailələrə dəstək göstərilməsi özünü doğrultmur. Əksinə, gənclərin ailə həyatı qurmasını asanlaşdıran ağıllı tədbirlər insanların istədikləri sayda uşaq sahibi olmasına imkan yaratmaq baxımından vacibdir. Bunun üçün insanların uşaqlarla bağlı qərarlar qəbul edərkən qarşılaşdıqları bir çox maneələrin aradan qaldırılması tələb olunur: buraya iqtisadi qeyri-müəyyənliklər, yüksək mənzil qiymətləri, artan sonsuzluq, əlçatan uşaq baxımı xidmətlərinin olmaması və qadınlardan öz karyeralarını qurban verərək ailənin qayğı yükünü tək öz çiyinlərində daşıması ilə bağlı gözləntilər aiddir.

Geni mənada isə demoqrafik dəyişikliyə cavab verilməsində instrumental olan addım məhz insanların öz həyatları və gələcəkləri ilə bağlı qərarları və imkanlarına təsir edən çoxsaylı sosial, iqtisadi, siyasi və mədəni reallıqlardan doğan çağırışları həll etməyə qadir olan, əhəmiyyətli dərəcədə sübut və dəlillərə əsaslanan və mərkəzində insan amili dayanan əhatəli siyasətlər çərçivəsinin reallaşdırılmasıdır. Əgər bu iş düzgün aparılarsa, demoqrafik dəyişiklik ölkələri daha firavan gələcəyə apara biləcək innovasiyalar üçün imkanlar aça bilər. Mərkəzi və Şərqi Avropa regionunda yerləşən Rumıniyadakı Kluj və ya Serbiyadakı Belqrad kimi şəhərlər də məhz ölkə daxilindən və xaricdən istedadları cəlb edərək texnologiya sənayesi üçün əsas mərkəzlər kimi meydana çıxıb.

Bütün Avropada miqrantlar COVID-19 pandemiyası səbəbindən evlərinə qayıtdılar və özləri ilə öz yeni bacarıqlarını, nou-hau və əlaqələrini də gətirdilər. Rəqəmsal köçərilər daha yaşıl, daha stressiz, daha ailəcanlı həyat axtarışına çıxdıqca kənd yerləri də bundan canlanma görür. Hökumətlər yaşlı insanların verdiyi töhfələrdən faydalanmaq və onları iqtisadiyyata və cəmiyyətə daha yaxşı inteqrasiya etmək yollarını sınaqdan keçirir. Həmçinin indiyədək istifadə olunmayan resurslardan istifadə edərək əmək bazarlarını və ictimai həyatı insanlar üçün daha geniş miqyasda əlçatan edir. Bütün bunlar ölkələrə demoqrafik problemlərin öhdəsindən daha yaxşı gəlməyə kömək edir.

BMT-nin Əhali Fondu Bolqarıstan hökuməti ilə birlikdə innovativ həlləri müzakirə etmək və Demoqrafik Dayanıqlıq Onilliyinə başlamaq üçün 1-2 dekabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yüksək səviyyəli konfransda Avropanın hər yerindən hökumətləri və rəy liderlərini bir araya gətirir. Artıq uzun müddətdir ictimai fikirdə hökmranlıq edən narahatlıq və həyəcan ab-havasını geridə qoymağın və demoqrafik dəyişikliyə daha əhatəli, müxtəlif və nəhayət, daha güclü və firavan cəmiyyətlər qurmaq imkanı kimi baxmağın zamanıdır".