Bakı 11˚C Mostly cloudy

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: "Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırıq"

Siyasət 16:30 05 mar, 2022

Martın 5-də Prezident İlham Əliyevin qəbulunda olakən deyib

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: "Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırıq"

BMT-nin Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində postmünaqişə şəraitində şəhərlərin qurulmasında, dayanıqlı şəhər inkişaf konsepsiyalarının yaradılmasında təcrübəsi ilə dəstək verir və bu xüsusda Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırdır.

Qazet.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi martın 5-də Prezident İlham Əliyevin qəbulunda olakən deyib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı inkişaf proseslərinin, şəhər planlaşdırma və inkişaf konsepsiyasının onda dərin təəssürat hissi yaratdığını deyib.

Azərbaycanda qədimiliklə müasirliyin vəhdətinin şahidi olduğunu, tarixi binalar saxlanılmaqla müasir tikililərin ahəngdar formada inşa edildiyini, şəhər planlaşdırılması və urbanizasiyanın tərkib hissəsi olan şəhər nəqliyyat sisteminin və yol infrastrukturunun müasirliyindən məmnunluğunu bildirib.

Azərbaycana səfərinin bir gününü Ağdam şəhərində keçirdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Ağdam şəhərinin inkişaf və urbanizasiya planı ilə yaxından tanış olduğunu qeyd edib.

Maimuna Mohd Şərif Azərbaycanın məqsədinin Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə sıfır emissiyalı müasir eko-şəhər konsepsiyasının tətbiq edilməsi olmasını məmnunluqla vurğulayıb.