Bakı 14˚C Windy

Boksçularımız beynəlxalq turnirdə

İdman 11:55 11 yan, 2023
Boksçularımız beynəlxalq turnirdə

“Yanvarın 17-də Serbiyada 4 yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir”.

Boks Federasiyasından Qazet.az-a verilən məlumata görə, bunu qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yadigar Məmmədov yığmanın təlim-məşq toplanışı ilə bağlı danışarkən deyib.

Komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirən Məmmədovun sözlərinə görə, qarşıdakı beynəlxalq turnirlərdəki nəticələrə əsasən yığmanın yekun heyəti formalaşacaq: “Məktəblilər istisna olmaqla, hər yaş qrupundan çıxış edəcəyik. Yeniyetmələr, gənclər və böyüklərin mübarizəsində boksçularımızı yoxlayacağıq. Bu, bizim üçün çox vacibdir”.

Hazırlığı Bakı Boks Mərkəzində davam etdirən millinin gündə 2 dəfə təşkil olunan məşqlərinə liderlər cəlb edilib. Yanvarın 14-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.

Baş məşqçi həmçinin bildirib ki, bu il qadın boksçularımızı çox ciddi yarışlar gözləyir. O, əsas hədəfin Hindistanda baş tutacaq dünya çempionatı, Bakıda keçiriləcək U-22-lərin Avropa çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin olduğunu deyib: “Toplanışa 24 boksçu cəlb etmişik. Onların arasında Avropa çempionatlarının 5 mükafatçısı – qızıl, gümüş və bürünc medalçıları da hazırlıq keçir. Olimpiya Oyunlarına vaxtın az qalması və U-22-lər arasında Avropa çempionatının Bakıda keçirilməsi məsuliyyətimizi daha da artır. Qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik. Məqsədimiz iştirak edəcəyimiz yarışlardan ölkəmizə medallarla qayıtmaqdır”.

Qeyd edək ki, yığmamız Serbiyada beynəlxalq turnirdə 12 boksçu ilə təmsil olunacaq. Səfərə yollanacaq heyət toplanışın son günündə açıqlanacaq.